İRAN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİRVƏ BU SİYASƏT DƏYİŞMƏYƏCƏK
Ölkəmizin İrandakı səfirliyindən AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, görüş zamanı X.Xələfov Azərbaycan - İran münasibətlərinin əsasının xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulamış və əlaqələrimizin inkişafı üçün həmin siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləmişdir. Beynəlxalq və regional təşkilatlar çərçivəsində birgə əməkdaşlığı yüksək qiymətləndirən X.Xələfov İranın TRACEKA layihəsində iştirakının Azərbaycan tərəfindən dəstəkləndiyini bildirmişdir. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının və beynəlxalq təşkilatlarda ölkəmizin ərazi bütövlüyünün İran tərəfindən bir daha təsdiqlənməsinini razılıqla qarşılayan X.Xələfov, həmçinin yaxın zamanlarda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İrana səfər edəcəyini, İran Prezidenti Seyid Məhəmməd Xatəminin Azərbaycan Respublikasına planlaşdırılan rəsmi səfərinə hazırlıq işlərininin aparıldığını da bildirmişdir.
İranın Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini söyləyən K.Xərrazi eyni zamanda Heydər Əliyevin münasibətlərimizə qayğı ilə yanaşmasını minnətdarlıqla xatırlatmış, göstərdiyi diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə öz təşəkkürünü bildirmişdir. O, demişdir ki, İran- Azərbaycan əlaqələrinin inkişafı sahəsində və ölkələrimiz arasındakı iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində görülən işləri bundan sonra da davam etdirəcəkdir. Rəsmi Tehran Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdardır və münaqişənin nizamlanmasında səylərini əsirgəməyəcəkdir. İran BMT-də Azərbaycanın ərazi bütövlüyünü indiyədək dəstəkləmişdir və bu siyasət dəyişməyəcəkdir. K.Xərrazi Şimal-Cənub nəqliyyat dəhlizi layihəsində Azərbaycanın iştirakının İran tərəfindən dəstəkləndiyini də bəyan etmişdir. İranın xarici işlər naziri öz ölkəsinin prezidenti S.M.Xatəminin Azərbaycan Respublikasına rəsmi səfərinin yaxın zamanlarda həyata keçiriləcəyini bildirmişdir.