AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın “Sionizmsiz dünya” mövzusunda keçirilən konfransda söylədiyi fikirlər bütün dünyanın siyasi dairələrində, o cümlədən Rusiyada heç də birmənalı olmayan reaksiya doğurmuşdur. Bununla əlaqədar İranın Moskvadakı səfiri Qulamrza Ənsari Rusiya XİN-ə dəvət olunmuşdur. RF XİN məlumat verir ki, Rusiyanın narahatlığı İran səfirinin nəzərinə çatdırılmışdır. Məlumatda bildirilir ki, təbliğat ritorikası Yaxın Şərq kimi partlayış təhlükəli region üçün zərərlidir və həmin konfransda səslənən şərhlər İranın nüvə proqramı ətrafında yaranan onsuz da gərgin vəziyyətin normal, siyasətdən uzaq qaydada nizama salınmasına kömək etmir. Belə bir ümid ifadə edilmişdir ki, Tehran qarşıdurma yaradan bu cür yanaşmanın nə qədər təhlükəli olduğunu anlayır və siyasi uzaqgörənlik və praqmatizm göstərəcəkdir.
İranın Moskvadakı səfirliyi isə rəsmi bəyanat yaymışdır. Sənəddə deyilir ki, İran Prezidentinin kəskin danışmaq və münaqişəyə girmək niyyəti olmamışdır. Prezident Əhmədinejadın sözlərində İranın işğal olunmuş ərazilərdə azad seçkilərin keçirilməsi zərurətinə əsaslanan prinsipial mövqeyi ifadə edilmişdir. Bəyanatda deyilir: “Biz bəşər sivilizasiyasını qiymətləndiririk və XXI əsrdə irqi əlamətə görə hökumət yaratmağı dəstəkləmirik. İran Fələstin, İraq, Əfqanıstan və digər ölkələrdə demokratiyanı dəstəkləyir və hesab edir ki, Qərbin Yaxın Şərqin problemlərinə ikili yanaşması bu regionda əmin-amanlığın olmamasının daha bir səbəbidir”.