İran Rusiyadan əlavə olaraq 400 min doza “Sputnik V” peyvəndi alıb
Tehran, 14 oktyabr, AZƏRTAC
İran Rusiyadan əlavə olaraq 400 min doza “Sputnik V” peyvəndi alıb. Peyvənd bu gün Moskvadan Tehrana göndəriləcək.
AZƏRTAC İranın Rusiyadakı səfirliyinin yaydığı açıqlamaya istinadla xəbər verir ki, İran hökuməti ilə Rusiyanın Birbaşa İnvestisiya Fondu arasında imzalanan müqaviləyə əsasən İrana 60 milyon doza “Sputnik V” peyvəndi satılmalı idi. Lakin bu günə kimi İran Rusiyadan cəmi 1 milyon 750 min doza peyvənd ala bilib. Buna baxmayaraq, İran Avropadan “AstraZenika” və Çindən “Sinovac” peyvəndləri alaraq əhalini təmin edib. Bununla yanaşı, İranda milli istehsal olan “Barakat Cov İran” peyvəndi də istifadə olunur. Bu günə kimi İranda 60 milyondan çox insana peyvənd vurulub.
İranın Səhiyyə Nazirliyinin məlumatına görə son 24 saat ərzində ölkə ərazisində 11 min 964 nəfərin koronavirusa yoluxması, 223 nəfərin isə bu xəstəlikdən ölməsi faktı qeydə alınıb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 5 milyon 754 min 47 nəfərə, ölənlərin ümumi sayı isə 123 min 498-ə çatıb.
Qeyd edək ki, İranda yoluxma və ölüm hallarının azalması ilə yanaşı, xəstəxanalarda ağır vəziyyətdə yatanların sayı da azalıb. Belə ki, ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan 4 min 983 xəstənin vəziyyəti ağır olaraq qalır. Cari ayın əvvəlində isə bu rəqəm 7 min idi. Eyni zamanda, 5 milyon 280 min 624 xəstə sağalaraq evə buraxılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran