İranda ümumilikdə 35 milyondan çox insana peyvənd vurulub
Tehran, 12 sentyabr, AZƏRTAC
Koronavirusun yayılmasının qarşısını səmərəli almaq üçün gün ərzində ölkədə 2 milyon insana peyvənd vurulmalıdır və bunun üçün şərait yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Koronavirusla Mübarizə Qərargahının iclasında iştirak edən İran Prezidenti İbrahim Rəisi deyib. O bildirib ki, ölkəyə 50 milyon doza peyvənd idxal edilib. Bununla yanaşı yerli peyvəndlərin istehsalını da artırmaq lazımdır. “Fərəh”, “Baraka” və “Razi” peyvəndlərinin istehsalı üçün lisenziya alınıb. İran Prezidenti peyvənd istehsalı prosesinin sürətləndirilməsi istiqamətində bir sıra tapşırıqlar verib.
İranın Səhiyyə Nazirliyi isə açıqlama verərək, son 24 saat ərzində ölkə üzrə 20 min 219 nəfərin virusa yoluxduğunu, 487 nəfərin isə yoluxaraq öldüyünü bildirib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 5 milyon 295 min 786 nəfərə, pandemiya qurbanlarının ümumi sayı isə 114 min 311-ə çatıb.
Sentyabrın 12-də İranda 1 milyon 120 min 67 nəfərə peyvənd vurulub. Ümumilikdə İranda peyvənd olunanların sayı 35 milyon 47 min 143 nəfərdir. Bunlardan 22 milyon 943 min 141 nəfər birinci, 12 milyon 104 min 2 nəfər isə hər iki dozanı vurdurub. Əhalinin peyvəndlənməsi prosesi davam edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran