İQTİSADİYYAT
İranlı nazir: Gələn il Rəşt-Astara dəmir yolunun tikintisi davam etdiriləcək
![İranlı nazir: Gələn il Rəşt-Astara dəmir yolunun tikintisi davam etdiriləcək](/files/2023/3/1200x630/17028984005183613455_1200x630.jpg)
Bakı, 18 dekabr AZƏRTAC
Rusiya və Azərbaycan ilə əldə olunan razılaşmaya müvafiq olaraq, gələn ilin əvvəlində Rəşt-Astara dəmir yolunun tikintisi davam etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma naziri Mehrdad Bazarbaş bu gün Tehranda keçirilən 7-ci nəqliyyat və logistika sərgisinin açılışı mərasimində deyib. Onun sözlərinə görə, ilkin mərhələdə yolun tikintisinə 200 milyon dollar sərmayə yatırılacaq. Nazir nəzərə çatdırıb ki, bu yol Cənub-Şərqi Asiya ölkələri ilə Avropanı nəqliyyat baxımından birləşdirəcək.
Nazir Azərbaycanın Ağbənd qəsəbəsi ilə İranı birləşdirəcək avtomobil və dəmir yolu körpülərinin tikintisinin də davam etdiyini xatırladıb.
“Araz çayı üzərindən salınacaq körpünün uzunluğu 216, eni isə 24,5 metr olacaq. Körpüdə nəqliyyat vasitələri və piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub. Burada hər iki ölkənin ərazisində gündə 500 giriş və 500 çıxış olmaqla ən azı 1000 yük nəqliyyat vasitəsini qəbul edə biləcək buraxılış məntəqəsinin tikintisi də planlaşdırılır”, - deyə iranlı nazir əlavə edib.