SİYASƏT
İraq mətbuatında Zəfər Günü ilə əlaqədar materiallar dərc olunub
Bağdad, 9 noyabr, AZƏRTAC
Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədovun İraqın “mustaqbil.net”, “noyrouz.com”, “alrased.news” saytlarında 8 noyabr Zəfər Günü ilə əlaqədar məqalələri dərc olunub.
AZƏRTAC xəbər verir ki, dərc olunan materiallarda Qarabağın tarixi və işğaldan sonrakı vəziyyəti barədə geniş məlumat verilib. Nəzərə çatdırılıb ki, 30 ilə yaxın işğal altında qalan ərazilərimiz ermənilər tərəfindən dağıdılaraq yerlə-yeksan edilib. Erməni qəsbkarları nəinki evləri və dövlət binalarını, eləcə də məscid, mədəniyyət abidələrini dağıdaraq Azərbaycan torpaqlarını mənimsəməyə cəhd ediblər. Lakin Azərbaycan xalqının maraqlarını nəzərə alan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 24 sentyabrında Ordumuz Qarabağı və qədim Şuşa şəhərini 44 günlük Vətən müharibəsi nəticəsində erməni işğalından azad edib. Həmin il noyabrın 8-də Ermənistan ordusu məğlubiyyətə uğrayıb və siyasi rəhbərlik Azərbaycan Ordusu qarşısında aciz qaldıqlarını anlayaraq kapitulyasiya etmək məcburiyyətində qalıblar. Beləliklə Azərbaycan öz doğma torpaqlarının azadlığına nail olub.
Bu gün Azərbaycan dövləti Qarabağda geniş quruculuq və abadlıq işləri aparır. Azərbaycan özünün iqtisadi qüdrətinə arxalanaraq Qarabağı yenidən bərpa edir. Bu regionda artıq hava limanları istifadəyə verilib, dövlət müəssisələri, tarix və mədəniyyət abidələri, eləcə də məscidlər təmir edilərək uzun illər qaçqın düşmüş əhalinin istifadəsinə verilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Təbriz