İraqda ABŞ qoşunlarının statusu ilə bağlı razılıq əldə olunub
Bakı, 25 iyul, AZƏRTAC
ABŞ və İraq təhlükəsizlik münasibətlərində yeni mərhələnin başlanması və İŞİD-i məğlub etmək üçün onilliklər boyu davam edən koalisiyanı dəyişdirmək barədə razılığa gəliblər. Bu addım Amerika qoşunlarının 2003-cü ildə Səddam Hüseyni devirmək üçün ilk dəfə işğal etdiyi ölkədən öz kontingentinin sayını azaltmağa zəmin yaradacaq.
AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, ABŞ və İraqın yüksək səviyyəli hərbi və müdafiə rəsmiləri Vaşinqtonda görüşərək İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudaniyə daxili siyasətdə nüfuz qazandıracaq razılaşma və ya yol xəritəsini müzakirə ediblər.
Pentaqonun rəhbəri Lloyd Ostin iraqlı həmkarı ilə ikitərəfli müdafiə və strateji əlaqələrin gücləndirilməsi yollarını müzakirə edib.
ABŞ ordusu Birləşmiş Qərargahının sözçüsü Cerel Dorsi görüşlə bağlı deyib: “ABŞ və İraq güclü təhlükəsizlik tərəfdaşlığını bölüşür və Qlobal Koalisiya ilə İŞİD-in davamlı məğlubiyyətini təmin etmək üçün fəaliyyət davam edir”.
Görüşdən əvvəl Bağdad ABŞ qoşunlarını 2025-ci ilə qədər ölkəni tərk etməyə çağırır və prosesə tez bir zamanda başlamağı tələb edirdi. Analitiklər bunu Vaşinqtonu regiondan sıxışdırıb çıxarmaq cəhdi kimi görürdülər. Ostin iraqlı həmkarı ilə görüş əsnasında bildirib ki, yeni “Inherent Resolve” missiyası İŞİD təhlükəsinin qarşısını almalıdır və regionda sabitliyin təmin edilməsinə xidmət etməlidir. Amma İraqın bəzi siyasətçiləri, xüsusən İrandan idarə olunan blokların üzvləri ABŞ-ın qoşun kontingentini tamamilə çıxarmasını tələb edirlər. Onlar bu məsələni İraqın suverenliyi ilə əlaqələndirirlər. Buna cavab olaraq, Ostin İraqın müdafiə nazirinə deyib: “Biz İraqın suverenliyinə, təhlükəsizliyinə və sabitliyinə hörmətlə yanaşırıq”.