CƏMİYYƏT
“İRƏLİ” İctimai Birliyinin IX hesabat-seçki konfransı keçirilib
Bakı, 14 sentyabr, AZƏRTAC
“İRƏLİ” İctimai Birliyinin IX hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, hesabat-seçki konfransında dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları və 500-ə yaxın gənc iştirak edib.
Konfransda Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra təşkilatın hesabat dövründəki fəaliyyəti haqqında videoçarx təqdim edilib.
Tədbirdə çıxış edənlər təşkilatın son seçki ili ərzindəki fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonra “İRƏLİ” İctimai Birliyinin İdarə heyətinin sədri Şahin Rəhmanlı hesabat məruzəsi ilə çıxış edib. İdarə heyətinin sədri dövlət gənclər siyasətinin Azərbaycan gənclərinə yaratdığı əvəzsiz imkan və fürsətlərə, eləcə də gənclərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşkilatın üzvləri adından dərin minnətdarlığını bildirib, Azərbaycan gəncliyinin göstərilən yüksək etimadı doğrultmaq üçün bundan sonra da böyük şövq və əzmlə çalışacağını deyib.
Diqqətə çatdırılıb ki, təşkilat tərəfindən son iki ildə 40-dan çox genişmiqyaslı layihə və 8 düşərgə həyata keçirilib. Bu layihələrdə 45 min 155 nəfər birbaşa olaraq iştirak edib. Bununla yanaşı, 744 tədbirin icrası uğurla başa çatdırılıb.
İdarə heyəti sədrinin hesabatı dinlənildikdən sonra konfransın təşkilat komitəsinin sədri çıxış edərək, Birliyin hesabatı, yeni tərkibdə İdarə heyəti və onun sədrinin ümumi yığıncağın iştirakçıları tərəfindən seçilməsi barədə məlumat verib. Səsvermə qaydaları elan olunduqdan sonra səsvermə keçirilib, İdarə heyəti sədrinin hesabatı qəbul edilib.
Daha sonra yığıncaqda təşkilatın yeni tərkibdə İdarə heyətinin seçilməsi məsələsi müzakirə olunub. Namizədlərin adları elan edildikdən sonra İdarə heyətinə seçkilər keçirilib. Şahin Rəhmanlı, Azər Əmirov, Elvin Səhətbəyli, Fatimə Həsənova, Anar Qurbanov, Kənan Əliyev, Orxan Rüstəmov və Gövhər Ağazadə Birliyin İdarə heyətinin üzvləri seçiliblər.
Sonra İdarə heyətinin sədri vəzifəsinə namizədlərin adları elan olunub, seçkilər keçirilib. Şahin Rəhmanlı yenidən iki il müddətinə təşkilatın İdarə heyətinin rəhbəri seçilib.
O, göstərilən etimada görə Birlik üzvlərinə təşəkkürünü bildirib, bundan sonra da gənclərin hərtərəfli inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.