İQTİSADİYYAT
İRİA sədri: Türkiyə ilə danışıqlar aparırıq ki, keyfiyyətli proqramları Azərbaycana gətirək

Bakı, 7 dekabr, AZƏRTAC
“Türkiyədə olan bir neçə təşkilat və assosiasiyalarla əməkdaşlığa başlamışıq. Ötən ay biz Türkiyədə 70-dən çox şirkətlə görüşmüşdük və onlardan ən yaxşı 19-u bu gün ölkəmizə gəlib”.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva deyib.
İnarə Vəliyeva qeyd edib ki, bugünkü tədbirdə 100-dək yerli şirkətin nümayəndəsi var.
"Bizim marağımızdadır ki, bu 19 şirkətdən hansıları ilə əməkdaşlıq alına bilər, yerli filiallar aça, yerli şirkət təsis edə və texnopark rezidenti ola bilərlər. Agentlik olaraq bizim əsas rolumuz odur ki, bu iki tərəfi bir-birilə tanış edək, onların bir-birinə faydalı olduğu nöqtələri tapmağa yardımçı olaq. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İKT sahəsində insan kapitalının inkişaf etdirilməsi ilə çox aktiv məşğul olur. Bu layihələrdən biri kibertəhlükəsizlik sahəsində “Technion” universiteti ilə olan proqramı bitirən gənclərin Türkiyəyə təcrübəyə yönləndirilməsi idi. Hazırda Türkiyə və digər bir çox ölkələrlə də danışıqlar aparırıq ki, həm oradakı keyfiyyətli proqramları Azərbaycana gətirək, həm də Azərbaycandan olan gəncləri qısamüddətli təcrübə proqramı üçün xarici ölkələrə yönləndirək. Çünki təhsil almaq yaxşıdır, amma onu böyük şirkətlərdə tətbiq etməyə başlamaq daha faydalıdır", - deyə İ.Vəliyeva vurğulayıb.