İşəgötürənlərin ixtisaslı kadr tapmaqda üzləşdiyi çətinliklərin həlli yolları müzakirə edilib
Bakı, 10 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində “Marsol Group”un partnyor şirkətlərinin nümayəndələri ilə görüş olub.
Agentliyin Strateji kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə qurumun İdarə Heyətinin sədri Mustafa Abbasbəyli agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib, “Marsol Group” ilə uzun müddətdir davam edən uğurlu əməkdaşlıqdan danışıb.
Agentliyin sədri bildirib: “Marsol Group”un üzvü olan işəgötürənlərlə birgə maliyyələşmə, peşə hazırlığı istiqamətində əməkdaşlıq edilir. Agentlik olaraq bu cür biznes klublarla əməkdaşlığın genişləndirilməsində maraqlıyıq. Çünki biznes klublar həm B2B, həm də B2G formatında səmərəli əməkdaşlıqlar üçün faydalıdır. Həmçinin həssas kateqoriyadan olan vətəndaşların məşğulluğunun təminatı üçün özəl tərəfdaşlarımızla yeni sosial layihələr üzərində çalışırıq”.
Müzakirələr zamanı işəgötürənlər ixtisaslı kadr tapmaqda çətinliklərlə qarşılaşdıqlarını dilə gətiriblər. Bundan başqa, görüşdə kadrların peşə bacarıqlarının və potensiallarının inkişaf etdirilməsi istiqamətində birgə əməkdaşlıq imkanlarından danışılıb.
Mustafa Abbasbəyli sonda şirkətlərin nümayəndələrinin təkliflərini dinləyib, onların suallarını cavablandırıb.