İQTİSADİYYAT
İşğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” layihələrinə üstünlük verilir
Bakı, 19 fevral, AZƏRTAC
Ötən il işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası” yaradılmasına dair ölkə Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, Yaponiyanın “TEPSCO” şirkəti cəlb edilməklə “İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası” Konsepsiya sənədi hazırlanaraq Hökumətə təqdim olunub. Konsepsiya çərçivəsində əhalinin məskunlaşması və iqtisadi inkişaf ssenarilərindən asılı olaraq enerji təchizatı variantları dəyərləndirilib. Bundan əlavə, ərazinin enerji potensialı nəzərə alınmaqla tətbiq ediləcək müxtəlif yaşıl texnologiyalar üzrə təhlillər aparılıb. Konsepsiya çərçivəsində müəyyən edilərək təklif edilmiş ssenari üzrə daha təfsilatlı 17 təhlil və təklifləri özündə əks etdirəcək Baş plan sənədinin 2022-ci ilin birinci yarısında hazırlanması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən ötən il görülmüş işlərə dair hesabatda bildirilib.
Hesabatda qeyd edilib ki, “Yaşıl enerji zonası”nın yaradılmasına dair tapşırığın icrası çərçivəsində, işğaldan azad olunmuş bölgələrdə günəş, külək, biokütlə, termal, geotermal və digər bərpaolunan enerji potensialının öyrənilməsi, ərazilərin koordinatlarının təyin olunması məqsədilə, habelə mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının və həmçinin su anbarlarında, göllərdə, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi ilə enerji təchizatının təmin olunması istiqamətində araşdırmalar aparılır. Belə ki, işğaldan azad olunmuş ərazilərdə aparılacaq quruculuq işlərində məhz “yaşıl enerji” layihələrinə üstünlük verilir. İlkin qiymətləndirməyə əsasən, ərazinin günəş enerjisi potensialı 7200 MVt və külək enerjisi potensialı 2000 MVt olaraq müəyyən edilib. KSES-lərin tədqiqi üçün Qubadlı, Laçın, Kəlbəcər rayonlarına təşkil edilmiş çoxsaylı ekspedisiyalarda işğaldan azad edilmiş (o cümlədən sülhməramlıların yerləşdirildiyi ərazilər də daxil olmaqla) ərazilərdə 156 MVt-ı (41 ədəd) KSES-ləri olmaqla ümumilikdə gücü 241,3 MVt olan 45 stansiya müəyyən olunub. Məlum olub ki, 34 stansiyanı işğalçılar əraziləri tərk edərkən yararsız hala salmışdır. KSES-lə bağlı əksər stansiyaların su qəbuledici hissəsi, generator binasının koordinatları və müvafiq olaraq su basqısının hesablanması üçün hündürlük fərqləri müəyyən edilib.