İslam Əməkdaşlıq Təşkilatı Xocalı qətliamını soyqırımı kimi tanımağa çağırmışdır
Qahirə, 8 fevral (AZƏRTAC) Xəbər verildiyi kimi, fevralın 6-7-də Misirin paytaxtı Qahirə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin dövlət və hökumət başçılarının növbəti 12-ci zirvə görüşü keçirilmişdir.
Beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıqla bağlı məsələlərin müzakirə edildiyi zirvə görüşündə Azərbaycan üçün əlamətdar olan bir neçə mühüm qərar qəbul edilmişdir.
İƏT-in üzvü olan 57 ölkənin dövlət və hökumət başçılarının qəbul etdiyi yekun sənəddə Ermənistanın 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı şəhərində törətdiyi qətliam pislənmiş və insanlığa qarşı bu mənfur cinayətin beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanınması üçün səylərin göstərilməsinə çağırılmışdır. Dövlət və hökumət başçıları bu xüsusda “Xocalıya ədalət” kampaniyasına dəstəklərini ifadə etmişlər.
Zirvə görüşünün yekun sənədində Ermənistandan öz qoşunlarını Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla işğal etdiyi digər Azərbaycan ərazilərindən çıxarmaq tələb olunmuş və münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində həll edilməsinin zəruriliyi bildirilmişdir.
Üzv ölkələr, həmçinin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinə verdiyi töhfələri yüksək qiymətləndirmişlər. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə BMT-nin və ISESCO-nun birgə təşkilatçılığı ilə “Terrorizmin qarşısının alınması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda martın 18-19-da Bakıda keçiriləcək yüksək səviyyəli konfrans alqışlanmışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə