İspaniya Ali Məhkəməsi Frankonun nəşinin ekshumasiya olunmasına icazə verib
Madrid, 24 sentyabr, AZƏRTAC
Barışıq məhkəməsinin hakimləri Fransisko Frankonun ailəsinin müraciətini yekdilliklə rədd ediblər.
AZƏRTAC xəbər verir ki, İspaniya hökuməti hərbi və dövlət xadimi, generalissiumus Fransisko Frankonun nəşini Şəhidlər Vadisindən çıxararaq Madrid yaxınlığındakı El-Pardo qəbiristanlığında dəfn edə bilər.
İspaniya Ali Məhkəməsi Pedro Sançes hökumətinin planının icrasına razılıq verib. Bu plana əsasən Frankonun nəşi əvvəlki yerindən çıxarılaraq arvadı Karmen Polonun dəfn edildiyi El-Pardo qəbirstanlığında dəfn olunmasına razılıq verib. Frankonun ailəsi onun nəşinin La Almuden kilsəsinin zirzəmisində dəfn olunmasını xahiş etmişdi. Hakimlər bu xahişi yekdilliklə rədd ediblər.
Ekspertlər diktatorun ekshumasiyasını İspaniyanın Baş Naziri vəzifələrini icra edən Pedro Sançesin 2018-ci il iyun ayında Monkloaya gəldiyi vaxtdan həyata keçirdiyi “ulduzlu” planlardan biri adlandırırlar.
Hökumət diktatorun nəşinin ekshumasiya olunmasını iyunun 10-a təyin etmişdi, lakin Ali Məhkəmə F.Frankonun ailəsinə sağalmaz mənəvi zərər vurulmasına yol verməmək üçün bu qərarın icrasını dayandırmışdı.
Tarixi yaddaş haqqında 2007-ci ildə qəbul edilmiş qanuna əsasən Şəhidlər Vadisində yalnız İspaniyada Vətəndaş müharibəsi (1936-1939) nəticəsində həlak olmuş insanların cəsədləri dəfn edilə bilər. Franko isə həmin müharibə başa çatandan xeyli sonra - 1975-ci ildə ölüb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid