İDMAN
İspaniya La Liqası: “Barselona” son iki ildə ilk dəfə doğma meydanda məğlub olub
Bakı, 11 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 11-də İspaniya La Liqasının 12-ci turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Barselona” doğma meydanda “Betis” komandasını qəbul edib.
Matçın birinci hissəsi qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatıb. 20-ci dəqiqədə Junior Firpo, 34-cü dəqiqədə isə Xuakin fərqləniblər.
Qarşılaşmanın 68-ci dəqiqəsində Messi 11 metrlik penalti zərbəsindən hesab fərqini azaltsa da, üç dəqiqə sonra Lo Selso yenidən top fərqini artırıb.
Oyunun 79-cu dəqiqəsində Arturo Vidal kataloniyalıların ikinci qolunu vurub. Matçın 81-ci dəqiqəsində İvan Rakitiç ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Cəmi 2 dəqiqə sonra qonaqlar müdafiədəki boşluqdan istifadə edərək dördüncü qolu vurublar. Bu dəfə Serxio Kanales fərqlənib. Əsas vaxta əlavə olunan dəqiqələrdə Messi komandasının üçüncü qolunu vursa da, “Barselona” doğma meydanda “Betis“ə məğlub olub.
Bu məğlubiyyətdən sonra barselonalılar özünəməxsus rekorda son qoyub. Belə ki, klub 2016-ci ildən doğma meydanda məğlub olmur. Klub məğlub olsa da, hazırda 24 xalla birinci yerdə qərarlaşıb.
“Barselona”nın əsas rəqibi “Real Madrid” səfərdə “Selta Vigo”nun qonağı olacaq.