İspaniya və daha üç ölkə “AstraZeneca” vaksinindən istifadəni bərpa edir
Madrid, 19 mart, AZƏRTAC
Son bir neçə gündə “AstraZeneca” preparatı ilə peyvəndlənmiş insanlar arasında tromblar (qan damarlarında laxtalanma) və ölüm halları barədə xəbərlərdən sonra bəzi Avropa ölkələri, o cümlədən Portuqaliya ehtiyat tədbiri kimi bu vaksinin tətbiqini müvəqqəti dayandırmağı qərara alıb.
Avropa Dərman Vasitələri Agentliyi (EMA) “AstraZeneca” vaksininin səmərəli və təhlükəsiz olmasını, bu vaksinin tromboemboliya və ya damarlarda tıxac yaranması halları riskinin artması ilə bağlı olmadığını yəqin edəndən sonra İspaniya, İtaliya, Fransa və Almaniya hökumətləri bu vaksinin istifadəsini bərpa etməyi qərara alıb.
AZƏRTAC xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyi “AstraZeneca” vaksinindən istifadə edilməklə peyvəndləmənin artıq gələn həftə bərpa olunmasını təklif edib. Səhiyyə naziri Karolina Darias bu işin çərşənbə günü bərpa olunacağını elan edib.
İtaliya hökuməti EMA Agentliyinin “AstraZeneca” vaksini barəsində qərarını alqışlayır. İtaliyada bu vaksindən istifadə etməklə peyvəndləmə bu gün, martın 19-da bərpa olunacaq. İtaliyanın Baş naziri Mario Draqanın sözlərinə görə, ən qısa müddətdə mümkün qədər çox miqdarda vaksin təqdim edilməsi hökumətin prioritet vəzifəsi kimi qalır. İtaliya bu qərarı qəbul edən ilk ölkə olub.
Koronavirusa yoluxma sayı artmaqda davam etdiyi bir vaxtda Avropa səhiyyə orqanları “AstraZeneca” vaksininin tətbiqinə ikinci dəfə “yaşıl işıq yandırandan” sonra Fransanın baş naziri Jan Kasteks bu preparatın etibarlı olmasını nümayiş etdirmək üçün cümə günü “AstraZeneca” vaksini ilə peyvəndlənəcək.
Baş nazir Jan Kasteksin peyvəndlənəcəyi barədə xəbər “Le Figaro” qəzetində təsdiqlənib. Avropanın müxtəlif ölkələrində pasiyentlərdə tromboz halları yaranandan sonra fransızlar bir neçə gün bu vaksinə şübhə ilə yanaşırdı. Onların etimadını möhkəmlətmək üçün Baş nazirin peyvəndlənməsi telekameralar qarşısında həyata keçiriləcək.
Almaniya hökuməti də İngiltərə-İsveç istehsalı olan “AstraZeneca” preparatından istifadə edilməklə COVID-19-a qarşı vaksinləmənin cümə günü bərpa olunacağını elan edib. Ölkənin səhiyyə naziri Yents Şpan “maarifləndirici vaksinləmə” aparılacağını vəd edib. Bu o deməkdir ki, peyvəndlənmək arzusunda olanlar peyvəndləmədən sonra tromboz da daxil olmaqla hər hansı əlavə və ya arzuolunmaz effektlər barədə əvvəlcədən məlumatlandırılmalıdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid