İsrail naziri: “Tarix Xocalı faciəsinin qurbanlarını heç vaxt unutmayacaqdır”
Bakı, 5 mart (AZƏRTAC). Hər bir xalqın öz tarixi, unudulmayan və unudulmayacaq qanlı səhifələri vardır.
AZƏRTAC-ın verdiyi xəbərə görə, bu barədə İsrailin absorbsiya naziri Sofa Landver Xocalı qurbanlarının anım günü ilə əlaqədar “Justice for Kojaly” kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Təl-Əviv Universitetinin Diaspor Muzeyində “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının keçirdiyi tədbirdə çıxış edərkən demişdir.
İsrail naziri demişdir: “1992-ci ildə Dağlıq Qarabağda baş vermiş Xocalı faciəsi Azərbaycan xalqının yaşadığı dəhşətli faciədir. Bu gün bu faciə AZİZ Assosiasiyasında birləşmiş Azərbaycandan gəlmələr tərəfindən İsrail dövlətinə köçürülmüşdür. İsrail xalqının öz tarixi vardır, amma o, başqa xalqların dərdini gözəl başa düşür, duyur. Biz müharibənin nə demək olduğunu, qələbənin qiymətini bilirik, biz bu günə gəlib çıxa bilməmiş qurbanların dəyərini
bilirik”.
Landverin fikrincə, tarix Xocalı faciəsinin qurbanlarını - gəncləri və qocaları, uşaqları və yeniyetmələri heç vaxt unutmayacaqlar.
Landver demişdir: “Xocalı faciəsi qanlı tarixdir, bu tarix nəsildən-nəslə keçərək yaddaşlara həkk olunacaqdır. Bizim üçün, dünyanın hər yerindən yəhudiləri qəbul edən bir ölkə üçün Azərbaycandan gələnlərin icmasının keçmiş və indiki həyatı əhəmiyyətlidir”.
Nazirin fikrincə, bu qanlı günün, Azərbaycan torpağında baş vermiş bu qanlı qırğının məhz İsraildə qeyd edilməsi çox vacibdir.
İsrailin absorbsiya naziri demişdir: “Biz istəyirik ki, Azərbaycandan İsrailə gəlmiş insanlar bilsinlər ki, bu, təkcə sizin faciəniz deyildir. Sizin dərdiniz həm də bizim dərdimizdir. İsrail dövlətində biz Azərbaycan xalqının bütün tarixi boyunca yaşadıqlarına ehtiramla yanaşırıq. Qoy Xocalı qurbanlarının xatirəsi əbədi yaşasın!”.