SİYASƏT
İsrail səfiri ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səy göstərmək niyyətindədir
Məqalədə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz yəhudi təqvimi ilə yenicə qədəm qoyan 5775-ci ildə iki dost ölkənin əməkdaşlığının perspektivlərindən söz açıb.
Ölkəmizdə 2015-ci ilin avqustunadək işləyəcəyini bildirən səfir deyib ki, fəaliyyət müddətinin başa çatmasına qalan vaxt ərzində Azərbaycan-İsrail münasibətlərinin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində səy göstərmək niyyətindədir.
Səfir neft və qaz, habelə müdafiə sahələrini 5775-ci ildə və sonrakı illərdə İsrail-Azərbaycan əməkdaşlığının mühüm istiqamətləri adlandırıb.
R.Harpaz vurğulayıb: “Azərbaycan neftinin ixracından biz də qazanırıq, çünki İsrailin istehlak etdiyi neftin 40 faizi Azərbaycandan idxal olunur”.
İsrailin Azərbaycandakı diplomatik missiyası YXA üçün belə bir məsələyə də aydınlıq gətirib: ”İsraildə təbii qaz yataqları aşkar edilib. Lakin yəhudi dövlətinin enerji ehtiyatlarının hasilatı, onların ixracı sahələrində, energetikada vergitutma ilə bağlı kifayət qədər təcrübəsi yoxdur. Ancaq Azərbaycanın belə bir təcrübəsi var və bu təcrübə İsrail üçün çox faydalı olardı”.
Səfir Rafael Harpaz vurğulayıb ki, sentyabrın ortalarında Bakıda keçirilən Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisinə - “ADEX 2014”ə İsrail şirkətlərinin qatılması, İsrailin müdafiə naziri Moşe Yaalonun bu tədbirdə iştirak etməsi iki ölkə arasında sıx əməkdaşlığın, o cümlədən müdafiə sahəsində əməkdaşlığın göstəricisidir.