İSRAİL YASİR ƏRƏFATIN DƏFN PLANINI HAZIRLAYIB
Beşsəhifəlik sənəddə bu hadisənin ən xoşagəlməz nəticələri göstərilərək bildirilir ki, Fələstin muxtariyyəti nüfuzdan düşəcək, hakimiyyəti islamçı radikallar ələ keçirəcək və işğal edilmiş əraziləri üsyanlar bürüyəcəkdir.
Bəs, İsrail bütün bunların qarşısını almaq üçün nə etmək fikrindədir? Əvvəla, hökumət Y.Ərəfatın Qüdsdə dəfn olunmasına qətiyyən yol verməməyə çalışacaqdır. Çoxları hesab edir ki, Fələstin rəhbəri bütün yerli müsəlmanlar üçün əsas səcdəgah sayılan “Əl-Əksa” məscidinin olduğu yerdə torpağa tapşırılmasını istəyir. İsrail Ərəfatın Qüdsün ətrafında, fələstinlilər yaşayan Əbu Disə qəsəbəsində dəfn olunmasına razılıq verməyə hazırdır.
İkincisi, İsrail Qəzzə bölgəsində mümkün iğtişaşları yatırmaq üçün orada dərhal hərbi əməliyyat aparılmasına hazır olmalıdır.
Sənəddə Y.Ərəfatın ölümünün üç mümkün səbəbi də göstərilir: İsrailin hərbi əməliyyatı (bu zaman o, təsadüfən həlak ola bilər), xəstəlik, qəfil ölüm. Həm də xüsusi vurğulanır ki, Fələstin liderinin ölümündə, bütün hallarda, məhz İsrail təqsirləndiriləcəkdir.
Fələstində şayiələr gəzir ki, Y.Ərəfat Parkinson xəstəliyinə düçar olmuşdur. Lakin onun həkimləri bu şayiələri qəti şəkildə təkzib edirlər.