İstanbulda “Gözü yaşlı Xocalım” rəsm sərgisi açılıb
İstanbul, 27 fevral, AZƏRTAC
YARAT qeyri-kommersiya qurumunun təşkilatçılığı ilə İstanbulda “Gözü yaşlı Xocalım” rəsm sərgisinin açılışı olub.
Azərbaycan və Türkiyənin tanınmış simalarının iştirakı ilə açılışı olan sərgidə azərbaycanlı rəssamlar - Niyaz Nəcəfov, Emin Əsgərov, Ramal Kazımov, Anar Hüseynzadə və əfqan Reza Hazarenin tabloları sərgilənib.
İstanbulun Saray Kolleksiyaları Muzeyində təşkil olunmuş mərasimin rəsmi hissəsində çıxış edənlər Xocalı soyqırımının dəhşətlərindən, təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticələrindən danışıblar. Əminliklə qeyd olunub ki, Azərbaycan ordusu işğal altında olan torpaqlarını azad etmək qüdrətindədir.
Açılış mərasimindən sonra şəhidlərin ruhuna ehtiram əlaməti olaraq tədbir bədii hissə ilə davam etdirilib.
İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi, tenor Alessandro Safinanın çıxışları dinlənilib. O, həmyerlimiz Dilarə Kazımova ilə birlikdə “Sarı gəlin” mahnısını ifa edib. Sonra D.Kazımova “Laçın” mahnısını oxuyub.
Sərgi fevralın 28-dək ziyarətçilərin ixtiyarındadır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul