İstanbulda keçirilən qəbulda müsəlman Şərqində ilk demokratik respublikanın gördüyü işlərdən bəhs edilib
İstanbul, 26 may, AZƏRTAC
Azərbaycanın İstanbuldakı baş konsulluğu 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Qəbulda rəsmi şəxslər, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, o cümlədən İstanbul Birinci Ordu Komandanı, ordu generalı Ümit Dündar, İstanbuldakı Hərb Akademiyaları Komandanı, general-leytenant Tahir Bekiroğlu, Beşiktaş və Böyükçəkməcə rayon bələdiyyələrinin başçıları Murat Hazinedar və Hasan Akgün, Türkiyə ictimaiyyətinin tanınmış simaları, İstanbulda yaşayan azərbaycanlılar, KİV və QHT təmsilçiləri iştirak ediblər.
Mərasim keçirilən salonun foyesində Azərbaycan həqiqətlərinə dair kitablar sərgilənib.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Baş konsul Məsim Hacıyev çıxış edərək 1918-ci ildə müsəlman Şərqində yaradılan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yol, onun süqutunun səbəbləri, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpa olunması prosesi, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində müstəqilliyimizin qorunması, Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmləndirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı və digər məsələlərdən bəhs edib. Baş konsul diqqətə çatdırıb ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin güzəranını əhəmiyyətli dərəcədə yüksəldib, işsizlik aradan qaldırılıb, uğurlu xarici siyasət sayəsində ölkəmizin beynəlxalq aləmdəki nüfuzu artıb, mövqeləri güclənib.
İstanbul vilayəti valisinin müavini İsmail Gültekin 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb. O bildirib ki, xalqlarımızın dostluğunun əbədiyyətə qədər davam etdirilməsi tarixin hökmü, ulularımızın bizə əmanətidir. Vali müavini diqqətə çatdırıb ki, Azərbaycanın hərtərəfli inkişafı Türkiyədə böyük sevinclə qarşılanır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul