İstanbulda konfrans: “Xocalı soyqırımını unutmadıq, unutdurmayacağıq!”
İstanbul, 25 fevral, AZƏRTAC
Fevralın 25-də İstanbulda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı növbəti konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, İstanbul Universitetində baş tutan “Xocalı soyqırımını unutmadıq, unutdurmayacağıq!” mövzusunda tədbir Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı, bu ali təhsil müəssisəsinin və bir sıra qurumların dəstəyi ilə reallaşıb.
Əvvəlcə, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində çıxış edən İstanbul Universitetinin rektoru Mahmut Ak, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Xocalı soyqırımı haqqında iştirakçılara geniş məlumat verib, Azərbaycanın 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə edilən şanlı Zəfərimiz barəsində danışıblar.
Natiqlər Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı işlənən tarixin ən ağır cinayətlərindən biri olduğunu vurğulayıblar.
Bildirilib ki, bu soyqırımı dünya tarixinə ən dəhşətli və faciəli qətliamlardan biri kimi yazılıb.
Qeyd edilib ki, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərlə bu soyqırımının bir növ qisası alınıb. Erməni vandalları tərəfindən xalqlarımıza və ölkələrimizə qarşı həyata keçirilən bütün cinayətlərin böyük bir hissəsinin izləri isə müasir dünyanın gözü qarşısında Ikinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizdə üzə çıxır. İnsanlığa qarşı törədilən bu cinayətin səbəbkarlarının məhkəmə qarşısında cavab verməsi bütün dünya üçün vacibdir.
Tədbir panel iclasla davam edib.
İstanbul Universitetinin professoru Mualla Uydu Yücelin moderatorluğu ilə keçirilən paneldə çıxış edən bu ali təhsil müəssisəsinin professorları Belkıs Ulusoy və Fethi Gedikli, eləcə də Bakı Dövlət Universitetinin hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Əmir Əliyev Xocalı soyqırımı haqqında danışıb, bu qanlı hadisənin dünyada məhz soyqırımı kimi tanınmasının təkcə Azərbaycan üçün deyil, beynəlxalq ədalət baxımından da vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar keçirilən bu konfrans TADEF tərəfindən Türkiyədə təşkil olunan silsilə tədbirlərdən biridir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul