İSTANBULDA NATO-NUN ZİRVƏ GÖRÜŞÜNÜN AÇILIŞI
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edirdi.
Görüşü açan NATO-nun baş katibi Yaap de Hoop Sxeffer iştirakçıları salamlayaraq, bu toplantının əhəmiyyətini vurğuladı. O bildirdi ki, zirvə görüşündə 46 ölkənin dövlət və hökumət başçıları, ümumiyyətlə, 3 mindən çox nümayəndə iştirak edir. Bu, NATO-nun genişlənməsindən sonra keçirilən ilk toplantıdır. İştirakçı ölkələrdən 26-sı Alyansın üzvləridir. Qalanları tərəfdaş ölkələrdir. Tədbiri işıqlandırmaq üçün 3500 jurnalist akkreditə olunmuşdur.
Baş katib dedi ki, dünyada təhlükəsizliyin təmin olunması baxımından NATO sammitinin keçirilməsi çox əhəmiyyətlidir. Bu tədbirin keçirilməsindən əsas məqsəd İraq və Əfqanıstan məsələlərinin müzakirəsi, eləcə də beynəlxalq terrorizmə qarşı birgə mübarizə haqqında fikir mübadiləsi aparmaqdır.
Sonra çıxış edən Türkiyə Prezidenti Əhməd Necdət Sezər görüş iştirakçılarını səmimi salamlayaraq, ölkəsində onları görməkdən böyük şərəf duyduğunu söylədi və zirvə görüşünün keçirilməsi üçün hər cür şəraitin yaradıldığını bildirdi. O, NATO-nun İraq və Əfqanıstanla bağlı, beynəlxalq terrorizmə qarşı birgə mübarizəyə dair gündəliyə çıxardığı məsələlərin əhəmiyyətini xüsusi vurğuladı.
Fransa Prezidenti Jak Şirakın çıxışından sonra görüş qapalı şəkildə davam etdirildi.
İyunun 29-da zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı nəzərdə tutulmuşdur.