İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı soyqırımına həsr olunmuş “Cəzasız cinayət” adlı tədbir təşkil edilib
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı soyqırımına həsr olunmuş “Cəzasız cinayət” adlı tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, İstiqlal Muzeyi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İçərişəhər Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə Əməkdar Rəssam Əşrəf Heybətin Xocalı soyqırımına həsr etdiyi “XX əsrin faciəsi - Xocalı” adlı rəsm əsərinin təqdimatı olub.
İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi Xocalı soyqırımı ilə bağlı danışaraq bildirib ki, bu hadisədən illər ötsə də öldürülmüş günahsız həmvətənlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq.
Dövlətimizin bu faciənin tanınması istiqamətində uğurlu addımlar atdığını söyləyən muzey rəhbəri qeyd edib ki, Xocalı faciəsinə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib.
Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov deyib ki, Əşrəf Heybət Xocalı faciəsinə həsr olunmuş əsərini Azərbaycan İstiqlal Muzeyinə hədiyyə edib. Rəssam barədə məlumat verərək bildirib ki, o, portret, mənzərə, natürmort janrlarında işlədiyi əsərlərlə bərabər, irihəcmli monumental əsərlərin də müəllifidir.
Qalib Qasımov təsviri sənətdə xidmətlərinə görə Əşrəf Heybətə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanını təqdim edib.
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev zaman-zaman ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən, xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və deportasiya siyasətindən danışıb. Xocalı soyqırımının xalqımıza və dövlətimizə, ümumilikdə bəşəriyyətə qarşı törədilən misli görünməmiş bir cinayət olduğunu söyləyib. Bildirib ki, dünyanın bir çox ölkələri, o cümlədən ABŞ-ın 20-dən artıq ştatında Xocalı soyqırımı tanınır.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, Əməkdar Elm Xadimi, Moskvada yerləşən “Ocaq” cəmiyyətinin sədri Tofiq Məlikli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev çıxış edərək bildiriblər ki, Əşrəf Heybət muzeyə hədiyyə etdiyi əsərdə Azərbaycan xalqına qarşı soyqırımın bütövlükdə bəşəriyyətə yönələn cinayət xarakterini açmağa müvəffəq olub. Qeyd olunub ki, 2008-ci ildə Ə.Heybət 20 Yanvar faciəsinə həsr etdiyi “20 Yanvar - Bakı” pannosunu da İstiqlal Muzeyinə hədiyyə verib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Zərəngiz Dəmirçi Qayalının Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr etdiyi “Cavab ver” poeması əsasında “Günay” Uşaq Teatrı tərəfindən hazırlanan kompozisiya nümayiş olunub.
Zərəngiz Dəmirçi Qayalıya poemasına görə Təhsil Nazirliyinin Respublika Texniki Yaradıcılıq Mərkəzi tərəfindən fəxri fərman təqdim edilib.