DÜNYA
İsveç hökuməti dünyada kütləvi aclığın qarşısını almaq üçün vəsait ayıracaq
Stokholm, 17 iyul, Rauf Əliyev, AZƏRTAC
İsveç hökuməti BMT Baş katibinin dünyada kütləvi aclığın qarşısını almaq üçün təcili kömək xahişinə cavab olaraq vəsait ayırmağı qərara alıb.
AZƏRTAC İsveç hökumətinin saytına istinadən xəbər verir ki, krallıq yaxın günlərdə qlobal aclıqla mübarizə məqsədilə BMT-nin Ümumdünya Qida Proqramına əlavə maliyyə yardımı ayıracaq.
Hökumətin internet səhifəsində bildirilir ki, COVID-19 pandemiyasının yaratdığı böhran səbəbi ilə dünya ölkələri İkinci Dünya müharibəsindən bəri ən böyük aclıq təhlükəsi ilə üzləşib.
Belə ki, BMT-nin hesablamalarına görə hazırda kəskin qida çatışmazlığı təhlükəsi ilə üz-üzə qalan insanların sayı son illərdə ən yüksək həddə çatıb. BMT Baş katibi Antonio Quterreşin verdiyi məlumata görə, 41 milyondan çox insan təcili humanitar yardım olunmadığı təqdirdə çox ciddi aclıq təhlükəsi ilə qarşılaşacaq.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm