İSVEÇRƏ İNKİŞAF VƏ ƏMƏKDAŞLIQ AGENTLİYİ QAÇQINLARA YARDIM GÖSTƏRİR
Mərasimdə UNHCR-in Bakı ofisinin təmsilçisi Viktoriya Talışxanova qurumun icraçı təşkilatı olan Birləşmiş Metodist Yardım Komitəsinin (UMCOR) SDC ilə 2004-cü ilin sonundan əməkdaşlıq etdiyini söyləmişdir. Bildirilmişdir ki, həyata keçirilmiş layihəyə əsasən, SDC 7 mindən artıq insan üçün hesablanmış tibbi avadanlıq - səyyar cərrahiyyə əməliyyatı üçün lazım olan sarğı materialları, tibbi əlcəklər, döşlüklər, stomatoloji və anastezioloji ləvazimat, cərrah stolu və s. hədiyyə etmişdir. Qaçqınkomla razılaşmaya əsasən, tibbi avadanlığın Biləsuvarda qaçqınlar və məcburi köçkünlər üçün salınmış yaşayış məntəqələrindəki xəstəxana və poliklinikalara, eləcə də 5 nömrəli döğum evinə, 8 nömrəli dövlət poliklinikasına veriləcəyi vurğulanmışdır.
SDC-nin Bakı ofisinin rəhbəri Tomas Meyer təşkilatlarının 50-dən çox ölkəyə humanitar yardım göstərdiyini, Cənubi Qafqazda keçən əsrin 90-cı illərindən fəaliyyətə başladığını və Azərbaycanda həyata keçirilən layihələrin bir çoxunda iştirak etdiyini və gələcəkdə də iştirak edəcəyini diqqətə çatdırmışdır.