İsveçrə millisinin sabiq müdafiəçisi FIFA prezidentliyinə namizədliyini irəli sürmək istəyir
Sürix, 30 yanvar, AZƏRTAC
Futbol üzrə İsveçrə millisinin keçmiş müdafiəçisi Ramon Veqa FIFA prezidenti vəzifəsinə növbəti seçkilərdə Cianni İnfantinoya rəqib olmağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın “Süddeutsche Zeitung” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, hazırda sabiq futbolçu bu il iyunun 5-də keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırır. “Aldığım böyük dəstəyi və müsbət reaksiyaları nəzərə alaraq, bu addımın məsuliyyətini ciddi qəbul edirəm. İyunda keçiriləcək FIFA prezidenti seçkilərində mübarizəyə qoşulmaq üçün hazırda futbol dünyasında tələbin hansı səviyyədə olduğunu araşdırıram”, - deyən R.Veqa seçkilərdə həmyerlisi C.İnfantinoya rəqib ola biləcəyini söyləyib.
Karyerası ərzində Sürixin “Qrasshopper”, Londonun “Tottenhem” və Qlazqonun “Seltik” klublarının formasını geyinən futbolçu İsveçrə millisinin heyətində 23 oyun keçirib. Hazırda İngiltərədə biznes fəaliyyəti ilə məşğul olan R.Veqanın C.İnfantinoya qarşı seçki yarışında şansları ilkin mərhələdə olduqca aşağı dəyərləndirilir.
FIFA prezidenti vəzifəsinə seçkilərlə bağlı namizədlərin qeydiyyatı fevralın 5-də başa çatacaq. Həmin tarixədək R.Veqanın namizədlik barədə fikri qətiləşərsə, bu, FIFA-ya üzv olan 211 federasiyanın ən azı beşi tərəfindən dəstəklənməlidir.
FIFA prezidentliyinə namizədlik üçün hələlik heç kim rəsmi şəkildə müraciət etməyib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Sürix