İsveçrə parlamentində erməni yalanları ifşa edilib
Bern, 8 dekabr, AZƏRTAC
İsveçrədəki erməni lobbisinin federal və kantonal səviyyədə Azərbaycana və ölkəmizə məxsus şirkətlərə qarşı apardığı qərəzli kampaniyaya ən yüksək səviyyədə zərbə vurulub. Belə ki, Azərbaycan Respublikasının İsveçrədəki səfiri Xanım İbrahimova İsveçrə parlamentinin Kantonlar Şurasının - Senatın yeni seçilmiş prezidenti Aleks Kuprextlə müzakirəsi baş tutub və erməni təbliğatının bir sıra yalanlarına aydınlıq gətirilib.
AZƏRTAC xəbər verir ki, müharibənin gedişində və sonrasında İsveçrədəki erməni lobbisi tərəfindən yanlış məlumatların yayılması fonunda ölkəmizə qarşı aparılan çirkin kampaniyalara toxunan səfir İsveçrə rəsmilərinin bu qərəzli yanaşmaları qınamaq üçün çağırış edib, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT, ATƏT və bu kimi digər beynəlxalq təşkilatların sənədlərinə istinad etməyi xahiş edib. Erməni lobbisinin ikitərəfli əlaqələrimizə zərbə vurmağa çalışdığını qeyd edən səfir İsveçrənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəklə bağlı Senat prezidentinin diqqətinə çatdırıb. Etnik erməni siyasətçilər tərəfindən səsləndirilən öz müqəddəratını təyinetmə prinsipinin İsveçrədə yanlış interpretasiya edildiyini qeyd edən səfir X.İbrahimova onların istədikləri “müstəqilliyin” Azərbaycanın ərazi bütövlüyünə tamamilə zidd olduğunu da diqqətə çatdırıb və Azərbaycanın öz ərazisində ikinci bir qondarma dövlət yaradılmasına icazə verməyəcəyini vurğulayıb.
Ermənistanın hərbi təcavüzü ilə başlayan ikinci Qarabağ müharibəsi haqqında ətraflı məlumat verən səfir Ermənistanın siyasi rəhbərliyinin siyasi arenada, Ermənistan ordusunun isə döyüş meydanında Azərbaycan qarşısında ağır məğlubiyyətə uğradığını həmsöhbətinin diqqətinə çatdırıb. Bu xüsusda, Rusiyanın dəstəyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan birgə Bəyanatın əhəmiyyətinə toxunan səfir müharibənin bitməsinin regionun təhlükəsizliyi və gələcək inkişafı üçün vacibliyini vurğulayıb.
Müharibəni dini və milli mənsubiyyətlə əlaqələndirən erməni lobbisinin bir digər yalanını da ifşa edən səfir X.İbrahimova Türkiyənin bu müharibədə hərbi şəkildə iştirak etmədiyini və Türkiyə tərəfindən sadəcə mənəvi dəstəyin verildiyini vurğulayıb, bunun əksinə olaraq, Ermənistanın müharibə zamanı Yaxın və Orta Şərqdən minlərlə muzdlu əsgərlərin cəlb etdiyini və bu faktın ölkəmiz tərəfindən sübuta yetirildiyini söyləyib.
Daha sonra işğaldan azad olan torpaqlarımızda qeyri-qanuni fəaliyyət məsələsinə toxunan səfir X.İbrahimova İsveçrədə yaşayan iş adamı, “Goldstar” şirkətinin və “Frank Muller” saat brendinin rəhbəri olan erməni əsilli Vartan Sirmakesin uzun illər ərzində işğal olunmuş ərazilərimizdə qızıl yataqlarının və digər təbii sərvətlərimizin qanunsuz istismarı ilə məşğul olduğunu bildirib və məhz bu səbəblə ona Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işinin açılması ilə bağlı məlumatı həmsöhbətinin diqqətinə çatdırıb.
Səfir İsveçrədə erməni mənşəli biznesmenlərin ölkənin müxtəlif siyasi və iqtisadi dairələrində ciddi təsirlərə malik olduğunu vurğulayaraq, ermənilərin bu dövlətin neytrallığına zərbə vurmağa çalışdığını da dilə gətirib. Bu xüsusda, səfir cari ilin oktyabrında Cenevrə Şəhər Şurasında bu qurumun səlahiyyətləri xaricində olan və əsas məqsədi İsveçrə-Azərbaycan əlaqələrinə zərbə vurmaq olan, lakin ona nail olmayan sənədi - Ermənistan hökuməti ilə birbaşa işləyən Cenevrə şəhər şurasının üzvü, etnik erməni olan Anna Barsegyan tərəfindən təqdim edilmiş və müharibəyə çağırış edən qətnaməni qınayıb. Sonra X.İbrahimova görüş zamanı erməni lobbiçilərinin təsiri altında olan isveçrəli parlamentarilərin adlarını bir-bir sadalayaraq onları ifşa edib.
Görüşdə, həmçinin İsveçrə-Azərbaycan arasında iqtisadi, siyasi və humanitar sahələrdə əldə edilən uğurlar isveçrəli rəsminin diqqətinə çatdırıb. Bildirilib ki, Azərbaycan İsveçrə ilə əlaqələrin inkişafına daim önəm verib və Azərbaycanda 70-ə yaxın İsveçrə şirkətinin fəaliyyət göstərməsi, eləcə də SOCAR-ın İsveçrədə 200-dən çox yanacaq doldurma məntəqəsinin mövcudluğu ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişafına töhfə verməkdədir.
Azərbaycanla İsveçrə arasında siyasi dialoqun əhəmiyyətindən bəhs edən səfir İbrahimova iki ölkə arasında siyasi əlaqələrin inkişaf tempindən məmnunluq ifadə edib.
Müharibənin bitməsini və sülhün bərqərar olmasını alqışlayan A.Kuprext əldə edilən sülhün davamlı olacağına ümidvar olduğunu söyləyib və bu istiqamətdə İsveçrə tərəfindən lazımi dəstəyin göstərilə biləcəyini qeyd edib. Habelə o, özünün də üzvü olduğu İsveçrədə ən böyük siyasi partiya olan “Xalq Partiya”sının prezidenti Marko Kiezanın İsveçrə-Azərbaycan Dostluq Qrupuna cəlb edilməsini də yüksək uğur kimi dəyərləndirib. A.Kuprext ölkəsinin həmişə bitərəf qalacağına və İsveçrənin öz milli dəyərlərini federal səviyyədə erməni lobbisi tərəfindən pozulmasına icazə verməyəcəyinə əmin edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern