İtaliya-Azərbaycan Dizayn Mərkəzinin keçirdiyi müsabiqənin qalibləri seçilib
Bakı, 27 iyun, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Dizayn Mərkəzinin (İADM) mart ayında elan etdiyi müsabiqənin qalibləri müəyyən olunub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, yekun nəticələrə görə, 117r2 qrupunun tələbəsi Elvira Mamişevanın müsabiqəyə təqdim etdiyi layihə 1-ci yerə layiq görülüb. 117r2 qrupunun tələbəsi Nərmin İskəndərova 2-ci, 117a2 qrupunun tələbəsi Əsmər Kərimli 3-cü yeri qazanıb. Qaliblər estetiklik, erqanomika, istehsalda praktiklik meyarlarına əsasən müəyyənləşdirilib.
Karantin rejimi bitdikdən sonra 1-ci yerin qalibinin layihəsi - park mebelləri, skamyalar universitetin həyətində quraşdırılacaq. 2-ci və 3-cü yerin qaliblərinə fərqləndirmə sertifikatları, müsabiqəyə qatılan digər tələbələrə isə müsabiqədə iştirak sertifikatları veriləcək. Nəzərdə tutulan bu işlər və sertifikatların tələbələrə təqdim olunması ölkədə mövcud vəziyyətlə əlaqədar olaraq pandemiya bitdikdən sonra gerçəkləşəcək.
Xatırladaq ki, mərkəzin təşkil etdiyi müsabiqələrdə məqsəd tələbələrdə dizayn və memarlıq bacarıqlarını, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, onların real layihələrdə iştirakını təşkil etmək, əraziləri abadlaşdırmaqla gənclərdə ekoloji mədəniyyəti formalaşdırmaqdan ibarətdir. Eyni zamanda, belə tədbirlərin keçirilməsi karantin dövründə tələbələrdə ruh yüksəkliyinin saxlanmasına, onların tədris-təlim prosesindən geri qalmamalarına və özünütəcrid şəraitində real layihələrdə iştirak edə bilmələrinə dəstək xarakteri daşıyır. Bu müsabiqə isə universitetin ərazisində quraşdırılması nəzərdə tutulan park mebelləri, kiçik memarlıq formaları, skamyalar, masa və oturacaqlar daxil olmaqla modul parkletlərin dizayn tərtibatına həsr olunub.