SİYASƏT
İtaliya mətbuatı AZƏRTAC-ın “Azərbaycanı Zəfərdən – Zəfərə aparan yollar” sərlövhəli məqaləsini yayıb
Roma, 12 noyabr, AZƏRTAC
İtaliyanın aparıcı KİV-ləri AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun Azərbaycanın Vətən müharibəsində qazandığı Qarabağ Zəfərinin ikinci ildönümü ilə bağlı “Azərbaycanı Zəfərdən - Zəfərə aparan yollar” sərlövhəli məqaləsini yayıblar.
AZƏRTAC xəbər verir ki, “Agenzia Nova” informasiya agentliyində və “Kmetro0” portalında dərc olunmuş yazıda Azərbaycanın Qarabağ Zəfəri ilə torpaqlarını işğaldan azad etməklə yanaşı, rəsmi Bakının və Prezident İlham Əliyevin dünyada əhəmiyyətinin daha da artdığı bildirilir. Qeyd olunur ki, Azərbaycan xalqının böyüklüyü və məğlubedilməzliyi müdrik, qətiyyətli lider Prezident İlham Əliyevin varlığıdır. Azərbaycan Prezidenti Vətən müharibəsi başlayan ilk gündən təkcə hərb meydanında deyil, informasiya cəbhəsində, diplomatiya müstəvisində də mübarizə aparıb və hər üç savaşda qalib gəlib.
Məqalədə bildirilir ki, bu gün dünyanın Azərbaycana münasibəti 180 dərəcə dəyişib. Bütün dünya gördü ki, Azərbaycanla, onun Prezidenti ilə zor dilində danışmaq olmaz. Azərbaycan otuz il əvvəlki Azərbaycan deyil. Xüsusən Qarabağ Zəfərindən sonra onun nüfuzu, sözünün çəkisi xeyli artıb. Azərbaycan Prezidenti İlham Əliyev regionda postmüharibə dövrünün gündəliyini diktə edir. Brüssel danışıqları, Praqa və Soçi görüşləri buna əyani sübutdur. Böyük dövlətlər və əsas beynəlxalq təşkilatlar tərəfindən Vətən müharibəsinin regionda yaratdığı geosiyasi reallıqları birmənalı qəbul etməsi bunun bariz göstəricisidir. Vurğulanıb ki, Qarabağ Zəfəri, eyni zamanda, ədalətin zəfəri, haqqın təntənəsidir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma