DÜNYA
İtaliyada Respublika Günü qeyd edilir



Roma, 2 iyun, AZƏRTAC
İyunun 2-də İtaliyanın milli bayramı - Respublika Günü qeyd olunur.
AZƏRTAC xəbər verir ki, İtaliya Prezidenti Sercio Mattarella bu münasibətlə paytaxt Romadakı “Altare della Patria” memorial kompleksində “Naməlum əsgər” abidəsini ziyarət edib, önünə əklil qoyub.
Mərasimdə İtaliyanın Baş naziri Ciorcia Meloni, Senatın sədri İqnazio Benito Maria La Russa, Deputatlar Palatasının sədri Lorenzo Fontana, müdafiə naziri Quido Krosetto və digər rəsmi şəxslər iştirak ediblər.
Sercio Mattarella İtaliya Respublikasının elan edilməsinin 77-ci ildönümü münasibətilə Silahlı Qüvvələrə ünvanladığı müraciətində azadlıq, bərabərlik, həmrəylik, fərdlərin və icmaların hüquqlarına hörmət, dünyada sülhün bərqərar olmasına mühüm töhfə verən respublika dəyərlərinin əhəmiyyətindən bəhs edib. O, İtaliyanın beynəlxalq ictimaiyyətlə birlikdə Rusiya müharibəsində Ukraynaya dəstəyinə sadiq qaldığını vurğulayıb.
Mərasimdə İtaliya Silahlı Qüvvələrinin milli aerobatika komandası Roma səmasında ənənəvi manevrlər yerinə yetirib. Daha sonra İmperator forumlarında ənənəvi hərbi parad keçirilib.
Xatırladaq ki, İtaliya İkinci Dünya müharibəsindən sonra - 1946-cı ildə səsvermə nəticəsində monarxiyadan respublika idarəetmə sisteminə keçib. O vaxtdan bəri ölkə ikipalatalı (Senat və Nümayəndələr Palatası) qanunvericilik sistemi ilə idarə edilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma