CƏMİYYƏT
İTSDA-nın Kommunikasiya Strategiyasının icra vəziyyəti və yenilənmiş saytının təqdimat mərasimi keçirilib - YENİLƏNİB
Bakı, 29 oktyabr, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İDSTA) rəsmi internet səhifəsinin (its.gov.az) yenilənmiş versiyası təqdim edilib. AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun yenilənmiş saytında daha geniş funksionallıq və əhali üçün əhəmiyyətli məlumat bazasının olduğunu vurğulayıb. Z.Əliyev bildirib ki, yeni yaradılmış hər bir qurum üçün özünü təqdim edəcək bir platformaya malik olmaq müasir dövrdə böyük əhəmiyyət kəsb edir.
“Prioritetlərimizi dəqiq müəyyən edərək əhaliyə daha əlçatan və informativ bir platforma yaratmağa çalışdıq. Yeni saytımız istifadəçilərə daha çox imkanlar verir. İndi tibbi sığorta və dövlət tibb müəssisələri haqqında məlumatları asanlıqla tapmaq, tibb müəssisələrinin ünvanlarına və əlaqə vasitələrinə rahat çıxış əldə etmək mümkündür”, - deyə Z.Əliyev qeyd edib.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qurumun Kommunikasiya Strategiyası üzrə görülən işlərdən bəhs edib. A.Əhmədova vurğulayıb ki, Kommunikasiya Strategiyasının icrası agentliyin məqsədlərinə, hədəflərinə və auditoriya ilə effektiv ünsiyyətə əsaslanır. O bildirib ki, hər bir hədəf qrupunun maraqları və informasiya qəbuletmə üsulları dəyərləndirilir və uyğun kommunikasiya vasitələri seçilir.
Sonra təqdimatla çıxış edən agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Fuad Bayramov yeni saytda edilən dəyişikliklərdən bəhs edib. O bildirib ki, yenilənmələr zamanı vətəndaşları agentliyin fəaliyyəti və icbari tibbi sığorta barədə ən çox maraqlandıran məsələlər nəzərə alınıb:
“Saytın strukturuna yeni bölmələr əlavə edilib. Tibb müəssisələrinin axtarış sistemi vasitəsilə vətəndaşlar lazım olan tibbi xidmətin hansı tibb müəssisələrində göstərildiyini müəyyən edə, müxtəlif kateqoriyalar üzrə, həmçinin tibbi ərazi bölmələri və ya şəhərlər üzrə tibb müəssisələrini axtarışa verə, xəstəxananın əlaqə vasitələri, ünvanı və xəritə üzərindən məkan koordinatları ilə tanış ola bilərlər. Xidmətlər Zərfi üzrə axtarış sistemi ilə tibbi xidmət və onun müqabilində agentlik tərəfindən xəstəxanaya ödənilən məbləğlə tanış olmaq mümkündür”, - deyə F. Bayramov qeyd edib.