SİYASƏT
IV BEYNƏLXALQ “DİALOQ AVRASİYA FORUMU”
Türkiyənin Antalya şəhərində 1V beynəlxalq “Dialoq Avrasiya Forumu” keçirilmişdir. Dünyanın 25 ölkəsindən gəlmiş nümayəndələrin iştirak etdiyi forumu Azərbaycan Yazıçılar Birliyinin sədri, Milli Məclisn deputatı, “Dialoq Avrasiya Forumunun” sədri Anar açaraq, tədbirin əhəmiyyətindən danışmış, XX1 əsrdə insanlar arasında dostluğun və dialoqun önəmli rolunu qeyd etmişdir.
Azərbaycanın baş nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyev forumda çıxış etmiş, müasir dünyada sülhə, əmin-amanlığa böyük ehtiyac duyulduğunu bildirmiş, qloballaşma şəraitində milli dəyərlərin, dilin, mədəniyyətin unudulmamasının vacibliyini vurğulamışdır.
Mərasimdə Ukraynanın dövlət katibi Yuri Sergeev, Türkiyə Yazıçılar və Jurnalistlər Birliyinn sədri Harun Tokak, Rusiyanın Şərqşünaslıq İnstitutunun direktoru Rostislav Rıbakov və başqaları çıxış etmişlər.
Üç gün davam edən toplantının bağlanış mərasiminə yekun vuran Anar forumun materiallarının üç dildə çap edilən “Dialoq Avrasiya” jurnalında dərc olunacağını bildirmişdir.
Forumun yekun sənədində elm, ədəbiyyat və incəsənət sahələrində müştərək beynəlxalq mükafatın təsisi, tələbə mübadiləsi, idman tədbirlərinin keçirilməsi, etika komissiyasının yaradılması və digər məsələlər öz əksini tapmışdır.
Baş nazirin müavini Elçin AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, “Dialoq Avrasiya Forumu” uğurla keçdi. Bu forum beynəlxalq və azad bir kürsüdür və biz səmərəli görüşlər zamanı Azərbaycandakı siyasi, iqtisadi və mədəni proseslərin inkişafı haqqında ətraflı məlumat veririk.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya