İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər VİDEO
Kiyev, 17 avqust, AZƏRTAC
Ukraynanın enerji təhlükəsizliyini təmin etmək üçün Ukrayna və Azərbaycan arasında əməkdaşlıq potensialı çox yüksəkdir.
Bu fikri AZƏRTAC-a açıqlaması zamanı ukraynalı ekspert İvan Us söyləyib.
Ekspertin sözlərinə görə, Azərbaycan, xüsusən də qış dövründə və digər ərazilərin təchizatında yaranan fasilələr zamanı vacib təchizatçıya çevrilə bilər.
“Ukrayna yalnız alıcı deyil, həm də Mərkəzi və Şərqi Avropaya gedən yolda Azərbaycan qazının saxlanması və paylanması üçün regional mərkəz kimi çıxış edə bilər. Bu, böyük layihə ola bilər. Ukraynanın idxal tələbatının bir neçə milyard kubmetr olduğunu nəzərə alsaq, ildə 1 və ya 2 milyard kubmetr qaz belə diqqətəlayiq olardı”, - deyə İvan Us əlavə edib.
Ukraynalı ekspert hesab edir ki, orta müddətli perspektivdə Trans-Balkan Dəhlizi ölkələri olan Azərbaycan, Ukrayna və Türkiyə uzunmüddətli müqavilələr bağlasalar və marşrutun tutumunu genişləndirsələr, effektivlik yüksək ola bilər: “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) ssenarisi Türkiyədən Bolqarıstana, Rumıniyaya və Ukraynaya qədər davam edərsə - bu seçim daha cəlbedicidir”.