“İxtisas bələdçisi” adlı məlumatlandırıcı sessiyalar davam edir
Bakı, 15 mart, AZƏRTAC
Region gəncləri üçün “İxtisas bələdçisi” adlı məlumatlandırıcı sessiyalar davam edir.
Gənclərin İnkişaf və Karyera Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə sessiyalar 55 nümayəndəlikdə keçirilir. Sessiyalar zamanı “Düzgün ixtisas seçimi və onun əsas meyarları”, “Kodlaşdırma qaydaları, seçim mərhələsinə psixoloji hazırlıq”, “İxtisas qruplarına daxil olan əsas ixtisaslar”, “Perspektivlər və gələcəyin ixtisasları”, “İstedad və bacarıq yönümlü peşə seçimi” və s. haqqında məlumat verilib.
Sessiyada Təhsil Tələbə Kredit Fondunun nümayəndəsi tərəfindən təhsil tələbə kreditinə müraciət qaydaları, eləcə də əsas seçim meyarları gənclərə izah olunub.
Gənclərlə gələcəyin ixtisasları, onların yiyələnmək istədikləri peşələr haqqında fikir mübadiləsi aparılıb. Sonda isə onların sualları cavablandırılıb.
Qeyd edək ki, layihə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı, Təhsil Tələbə Krediti Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə həyata keçirilir.