İzmir şəhərində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı konfrans keçirilmişdir
Ankara, 22 fevral (AZƏRTAC). Türkiyənin İzmir şəhərindəki Akçiçek Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar “Türkiyə-Azərbaycan əlaqələri çərçivəsində qondarma “erməni soyqırımı”, “Dağlıq Qarabağ problemi və Xocalı” mövzularında konfrans keçirilmişdir. Tədbiri Azərbaycanın İstanbuldakı baş konsulluğu, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Türk Ocaqları İzmir şöbəsi təşkil etmişdir.
Konfrans iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı qətliamından bəhs edən sənədli filmə baxmışlar.
Konfransda çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyə parlamentinin üzvü Atilla Kaya, professor Kamal Arı və dosent Vəfa Qurban ermənilərin Xocalıda törətdikləri soyqırımının bütün bəşəriyyətə qarşı ağır cinayət olduğunu vurğulamışlar. Əliyalın, əksəriyyəti qadın, uşaq və yaşlılar olan günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi bütün dünyada saxta “soyqırımı” təbliğatı aparan ermənilərin iç üzünü göstərmişdir. Ən dəhşətli fakt odur ki, Xocalı soyqırımı günahkarları nəinki layiqli cəzalarını almamışlar, hətta bu gün Ermənistanda ən yüksək vəzifələri tuturlar.
Konfransın sonunda iştirakçılara Xocalıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qətliamlardan bəhs edən kitablar və kompakt disklər təqdim edilmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara