COP29
Jan-Jakob Bisep: Fransa iqlimlə bağlı Paris Sazişinə riayət etmir VİDEO
Bakı, 12 noyabr, AZƏRTAC
Qvadelupalılar azad seçim edə bilmirlər. Fransa müstəmləkəsində olan hər şeyi nəzarət altında saxlayır. Məsələn, Qvadelupada su elektrik və geotermal elektrik mərkəzləri var. Geotermal elektrik mərkəzi Qvadelupaya karbohidrogen enerjisindən çıxmağa imkan verir. Ancaq Fransa bu geotermal elektrik stansiyasını satıb.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçısı, Qvadelupanın Azadlıq Uğrunda Xalq Birliyinin üzvü Jan-Jakob Bisep deyib. O bildirib ki, müstəmləkəçi ölkə kimi bu qərarı qəbul edən Fransa xalqla məsləhətləşmədən həmin mərkəzi satıb. Bu geotermal mərkəz Qvadelupanın enerji müstəqilliyini təmin edə və karbohidrogen enerjisindən asılılığına son qoya bilər. Fransa 2015-ci ildə COP-a ev sahibliyi edib və Paris İqlim Sazişi imzalanıb. Ancaq Fransa özü bu sazişin məqsədlərinə riayət etmir. Fransa Qvadelupanı karbohidrogen enerjisindən asılı edib.
Jan-Jakob Bisep, həmçinin iqlim dəyişikliyinin hazırkı kontekstində Qvadelupanın iqtisadi mərkəzinin, iqtisadi və insan problemləri olan bir çox sektorlarının sahil təhlükələrinə qarşı daha həssas olduğunu deyib. Qeyd edib ki, dəniz səviyyəsinin qalxması, subasmalar və onların təsirlərini azaltmağa yönəlmiş adaptasiya tədbirləri olmadıqda sahil xəttinin geri çəkilməsi nəticəsində yarana biləcək birbaşa və dolayı iqtisadi təsirin qiymətləndirilməsi çox vacibdir.