Jitomir vilayətinin qubernatoru: Azərbaycan müharibənin ilk günlərindən ukraynalılarla çiyin-çiyinədir MÜSAHİBƏ
Jitomir, 13 fevral, AZƏRTAC
Biz istehkamlar və səngərlər qurmağı davam etdiririk. Sərhədimizi müdafiə etmək üçün öz sirlərimiz var.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ukraynanın Jitomir vilayətinin qubernatoru Vitali Buneçko söyləyib.
-Vitali İvanoviç, Jitomir vilayəti daha gərgin döyüşlərin getdiyi bölgələrdən biridir. Siz hazırda ümumi vəziyyəti necə dəyərləndirirsiniz?
-Həqiqətən, Belarus Respublikası ilə sərhəddə gərginlik yaşanır. Partlayışları eşitdinizmi? Bu, poliqondur. Çox mühümdür ki, bizim hərbçilər təlimi davam etdirirlər. Belə partlayışlar və Belarus Respublikası ilə sərhədimizdə aparılan tədbirlər sayəsində birbaşa yerüstü hücum təhlükəsi hazırda minimumdur. Biz dərindən eşelonlaşdırılmış müdafiə xətti, istehkamlar və səngərlər qurmağı davam etdiririk. Sərhədimizi müdafiə etmək üçün öz sirlərimiz var. Bu səbəbdən hazırda vəziyyət sabit və tam nəzarətediləndir.
-Jitomir vilayətində neçə nəfər daxili köçkün var?
-Ən gərgin vaxtda 110 min nəfər idi. Hazırda onlardan təqribən 70 min nəfəri həmişə vilayətdə olur. Bunlar, şərq və cənub regionlarından, əsasən Xersondan köçürülənlərdir. Onlar daha uzağa getmədilər, burada həm yaşayış yeri, həm də bundan sonrakı həyatları üçün münasib şərait əldə etməkdən ötrü həm sosial, həm tibbi - bütün zəruri kömək aldılar.
-Burada yaşayan etnik azərbaycanlıların humanitar yardımda iştirakı barədə nə deyə bilərsiniz?
-Mən Ukraynada olan hər kəsin göstərdiyi köməyə görə onlara minnətdaram. Müharibənin ilk günündən dəstək prosesinə qoşulan, etnik ukraynalılarla çiyin-çiyinə duran azərbaycanlılara çox minnətdaram. Müharibə başlanandan ukraynalılar, azərbaycanlılar və ya digər millətlərə bölünmə olmayıb. Hazırda hansı şəraitdə yaşamağımıza anlaşıqlı yanaşan bütün insanlara olduqca minnətdaram.
Müharibənin ilk günlərindən bombardmandan qorxmayan, heç bir yerə getməyən, bizimlə yanaşı Jitomirin, ikinci vətəninin müdafiəsinə qalxan Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresini, xüsusən İlqar Məmmədovu ayrıca vurğulamaq istəyirəm. Təkcə o deyil, burada olan azərbaycanlılar müstəqillik uğrunda mübarizəyə qoşuldular.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Jitomir