Kaliforniya qubernatorunun vəzifədən geri çağırılması kampaniyası zəruri sayda imza toplayıb
Vaşinqton, 18 mart, AZƏRTAC
Kaliforniyada əslində labüd hesab edilən bir faktın təsdiqlənməsi üçün uzunmüddətli yoxlama başlanıb: qubernator Gevin Nyusomun bu vəzifədən geri çağırılması məsələsinə dair səsvermə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Nyusomun vəzifədən geri çağırılmasını təşkil edənlər bu təklifin səsvermə bülleteninə daxil edilməsi barədə petisiya üçün kifayət qədər imza toplayıblar. Bununla belə, təkrar seçkilər təyin edilməsi barədə tələblərin yerinə yetirilməsinin dövlət katibinin dəftərxanası tərəfindən müəyyən edilməsi üçün bəzi bürokratik addımlar atılmalıdır.
Xatırladaq ki, qubernatorun vəzifədən geri çağırılması təklifinin seçicilərə təqdim edilməsi üçün bu təklifin tərəfdarları təqribən 1,5 milyon imza toplamalıdırlar. Təşkilatçıların sözlərinə görə, keçən il iyun ayının əvvəlindən bəri 2 milyondan çox imza toplanıb. Payız və qış mövsümündə imza toplanmasında kəskin fəallaşma müşahidə olunub, çünki həmin dövrdə Nyusomun koronavirus pandemiyasının öhdəsindən gələ bilməməsi ilə əlaqədar narazılıqlar artıb.
Nyusom və onun demokrat müttəfiqləri bu kampaniyanı hakimiyyəti siyasi yolla ələ keçirmək cəhdi adlandırıblar. Nyusom öz “tvitter” səhifəsində yazıb ki, siyasiyönümlü cəhd onu çəkindirməyəcək və o, həmin cəhdə qarşı mübarizə aparacaq. Nyusom bu prosesi dayandırmaq üçün seçiciləri onun kampaniyasına qoşulmağa çağırıb.
Qubernatorun geri çağırılması təklifi uzun bir mərhələ keçməlidir. Məsələn, seçicilər arzu etdikləri halda 30 gün müddətində öz əvvəlki təkliflərindən imtina edə bilərlər. Tamamilə mümkündür ki, demokratlar seçiciləri buna sövq etmək üçün böyük bir kampaniya başlaya bilərlər. Kampaniyanın müddəti hələ müəyyən edilməyib, lakin gözlənildiyinə görə, seçkilərlə bağlı xərclərin smetasını hazırlamaq üçün ştatın maliyyə departamentinə 30 gün vaxt lazım gələcək. Demokratların fikrincə, bu xərclər 80 milyon dollardan çox ola bilər. Sonra isə qanunvericilik komissiyası tərəfindən ilkin nəticələrə baxılması üçün daha bir ay vaxt sərf ediləcək.
Respublikaçıların iki nümayəndəsi - San-Diyeqonun keçmiş meri Kevin Folkoner və 2018-ci ildə Nyusoma məğlub olmuş biznesmen Con Koks Kaliforniya qubernatoru vəzifəsinə öz namizədliyini irəli sürdüyünü bildirib. Respublikaçılar partiyasında daha bir şəxsin adı hallanır. Bu, Prezident Donald Trampın dövründə milli kəşfiyyat direktoru vəzifəsini icra etmiş Riçard Qrenelldir.
AZƏRTAC-ın Vaşinqton bürosu