Kamal Xanəgahlı: Günnütün azad edilməsi Əlahiddə Ümumqoşun Ordunun qüdrətini bir daha göstərdi
Naxçıvan, 9 iyun, AZƏRTAC
Muxtar respublikanın Şərur rayonunun Günnüt kəndinin və 11 min hektardan artıq ərazinin işğaldan azad edilməsi tarixi hadisədir. Bu, Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordunun qüdrətini bir daha nümayiş etdirdi.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində muxtar respublikanın Culfa rayon sakini, tarixçi Kamal Xanəgahlı deyib. O bildirib ki, 26 illik yurd həsrəti sona çatan kənd camaatının doğma torpaqlarına qayıtması dövlətimizin həyata keçirdiyi uğurlu siyasətin növbəti təntənəsidir. Bu, bir daha sübut edir ki, Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq.
“Uzun illərdən sonra günnütlülərin öz yaxınlarının məzarlarını ziyarət etməsi, Günnüt məzarlığında 26 il sonra müqəddəs “Qurani-Kərim”in oxunması hər bir azərbaycanlını sevindirdi”, - deyən Kamal Xanəgahlı qeyd edib ki, bu sevinci, xoşbəxtliyi bizə qüdrətli ordumuz bəxş edib. “Bu, həm də onu göstərir ki, 100 illiyini qeyd etməyə hazırlaşdığımız Silahlı Qüvvələrimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrini istənilən vaxt uğurla yerinə yetirmək gücündədir. İnşallah, Şuşanın, Laçının, Xankəndinin də işğaldan azad olunması xəbərlərini eşidək”, - deyə Kamal Xanəgahlı bildirib.