Kamran Əliyev: Bu ilin birinci yarımilində ölkə üzrə 7893 cinayət işinin istintaqı tamamlanıb
Bakı, 24 iyul, AZƏRTAC
Bu ilin birinci yarımilində ölkə ərazisində qeydə alınan 15 min 420 cinayətin 90,7 faizinin açılması təmin edilib. Ümumilikdə ölkə üzrə cəmi 7893 cinayət işinin istintaqı tamamlanıb ki, onlardan da 470-i prokurorluq orqanlarında istintaq edilib. Prokurorluq orqanları tərəfindən 269, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5511 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, bu barədə Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2026-cı ilin birinci yarımilində qanunla prokurorluq orqanlarının səlahiyyətlərinə aid edilmiş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin, əldə edilmiş nəticələrin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans rejimində geniş kollegiya iclasında çıxışı zamanı məlumat verib.
Bildirilib ki, prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə müəyyən edilmiş maddi ziyandan istintaq tədbirləri ilə 27 milyon 152 min manatın ödənilməsi təmin olunub, 3 milyon 485 min manat məbləğində əmlak üzərinə isə həbs qoyulub və müəyyən edilən ziyanın tam ödənilməsi üçün hazırda tədbirlər davam etdirilir.
Cari ilin birinci yarımilində ötən illərdən bağlı qalmış, qeyri-aşkar şəraitdə törədilmiş 6 qəsdən adamöldürmə cinayətindən 2-nin Baş Prokurorluğun İstintaq idarəsi, 4-nün isə tabe rayon və şəhər prokurorluqları tərəfindən açılmasını bildirən Baş prokuror həmin cinayətlərin açılmasında prokurorluq orqanları ilə daxili işlər orqanları arasında səmərəli və koordinasiyalı fəaliyyəti xüsusi qeyd edib.