“Kaspi” liseyində yığılan tullantılar “Təmiz Şəhər” ASC-yə təhvil veriləcək
Bakı, 3 dekabr, AZƏRTAC
“Təmiz Şəhər” ASC və “Kaspi” liseyi təkrar emal sahəsində əməkdaşlığa başlayıb. Liseyin müxtəlif filiallarında toplanan kağız, şüşə və ya plastik butulkalar təkrar emal üçün “Təmiz Şəhər”ə təhvil veriləcək.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 3-də “Kaspi”də tərəflərin iştirakı ilə layihənin təqdimatı keçirilib.
Razılaşmaya əsasən, liseydə əşyalardan maksimum dərəcədə qənaətlə istifadə ediləcək, materiallar çapa verilərkən mümkün qədər vərəqlərin hər iki üzündən istifadə olunacaq. Lazımsız makulatura, plastik və şüşə materiallar digər tullantılarla eyni qablara yox, “Təmiz Şəhər” ASC-nin burada yerləşdirdiyi ayrıca konteynerlərə atılacaq. Həmin qutular dolduqca daşınaraq təkrar emal üçün Balaxanıda yerləşən tullantı zavodlarına aparılacaq.
Layihənin məqsədi yaşıllıqları qorumaq, ağacların kəsilməsinin qarşısını almaq, ətraf mühitin mühafizəsinə dəstək olmaqdır. Çünki 1 ton kağız hazırlanması üçün təxminən 17 ədəd ağac kəsilir. Bu layihə zamanı liseyin bütün filiallarında kağız istifadəsi azaldılacaq, əməkdaşlar vərəqlərdən faydalı istifadəyə təşviq ediləcək, yenidən istifadə mədəniyyəti təbliğ olunacaq.
Təqdimatdan sonra liseydə qoyulmuş qutulara layihə çərçivəsində yığılmış ilk lazımsız tullantılar atılıb.