SİYASƏT
Kayrat Sarıbay: Azərbaycan bəşəriyyətin gələcəyinə məsuliyyətli yanaşma və qayğı nümayiş etdirir
Astana, 10 noyabr, AZƏRTAC
“Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə genişmiqyaslı tədbirə ev sahibliyi etməsi bu ölkənin bəşəriyyətin gələcəyinə məsuliyyətli yanaşmasını və qayğısını nümayiş etdirir”.
Bu barədə AZƏRTAC-a Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) Baş katibi Kayrat Sarıbay Bakıda COP29 konfransının keçirilməsini şərh edərkən bildirib. O, Azərbaycanın bu məsələyə olduqca ciddi yanaşdığını bildirib: “Artıq konkret təşəbbüslər irəli sürülüb, onlar diqqətlə tədqiq ediləcək. Əminəm ki, Azərbaycanın AQFETM-yə sədrliyi (2024-2026-cı illər) dövründə hökumətin regional baxış çərçivəsində iqlim gündəmini təşviq etmək üçün əla imkanı olacaq”.
Sarıbay qeyd edib ki, Azərbaycanın qətiyyətli və qanuni addımları sayəsində Qarabağda 30 illik işğala son qoyulub və bununla da Asiyada bir münaqişə azalıb.
“Bu gün diqqəti gələcək sülh təşəbbüslərinə yönəltmək, dinc quruculuq və regional əməkdaşlığın inkişafı üçün yeni şərait yaratmaq, Qazaxıstanın köməyindən istifadə etmək vacibdir”, - deyə o, əlavə edib.
AQFETM-in Baş katibi vurğulayıb ki, Azərbaycan qarşılıqlı əlaqələr və iqtisadi əməkdaşlığın inkişafı üçün konkret, mənalı təkliflər irəli sürür. “Bu möhtəşəm planların həyata keçirilməsində Azərbaycan xalqına və hökumətinə uğurlar arzulayıram”, - deyə Kayrat Sarıbay bildirib.
AZƏRTAC-ın xüsusi müxbiri
Astana