Kazis Starkeviçyus: Litva-Azərbaycan münasibətlərinin inkişafı məmnunluq doğurur
Bakı, 14 iyul, AZƏRTAC
İyulun 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Litva Respublikası Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Starkeviçyusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Əli Məsimli Azərbaycanın Litva ilə bütün sahələrdə əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu deyib. Bildirib ki, Litva Prezidentinin Azərbaycana builki səfəri iki ölkə arasında münasibətlərin genişlənməsinə təkan verib. Həmçinin Litva Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak edir.
Litva-Azərbaycan münasibətlərində müsbət tendensiyanın müşahidə olunduğunu söyləyən Əli Məsimli parlamentlərarası əlaqələri xüsusi vurğulayıb. Qeyd edib ki, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu Azərbaycan parlamentində ən böyük işçi qruplardan biridir.
Əli Məsimli, eyni zamanda, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, ötən il Azərbaycanla Litva arasında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 72 faiz artıb. Lakin hər iki ölkənin potensialına nəzər yetirsək, bu göstərici gələcəkdə daha da yüksək olmalıdır.
Litva Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Strakeviçyus səmimi görüşə görə minnətdarlığını bildirib. O, Litva-Azərbaycan münasibətlərinin inkişafının məmnunluq doğurduğunu söyləyib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artırılmasının vacibliyinə toxunan Kazis Strakeviçyus son illər bu istiqamətdə müsbət tendensiyanın müşahidə olunduğunu qeyd edib.
COVID-19 pandemiyasının ölkələrin iqtisadiyyatına mənfi təsirlərindən danışan qonaq, eyni zamanda, qlobal problemlərə də toxunub.
Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı investisiyaların qoyulmasının vacibliyi vurğulanıb, humanitar, elm və təhsil, ticarət və digər mühüm istiqamətlər üzrə əlaqələrin inkişafı məsələləri müzakirə edilib.
Görüşdə Milli Məclisin deputatları Nəsib Məhəməliyev, Məzahir Əfəndiyev, Aydın Hüseynzadə, Mahir Abbaszadə, Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev və digər rəsmi şəxslər də iştirak ediblər.