KEÇƏN İL QOBUSTAN RAYONUNUN SOSİAL-İQTİSADİ HƏYATINDA DİRÇƏLİŞ İLİ OLMUŞDUR
Yığıncaqda Qobustan Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev 2005-ci ildə rayonda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etmiş, müzakirələr olmuşdur.
Göstərilmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin, Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərləri zamanı verdiyi tapşırıq və tövsiyələrin həyata keçirilməsi ilə əlaqədar keçən il xeyli iş görülmüşdür. Tikinti, quruculuq, abadlıq sahəsində, yeni istehsal və xidmət obyektlərinin yaradılmasında görülən tədbirlər, sahibkarlar üçün yaradılan əlverişli şərait, aqrar bölmənin inkişafına göstərilən dəstək 2005-ci ildə rayonun həyatında böyük canlanmaya, dirçəlişə səbəb olmuşdur. Hesabat ilində, xüsusilə son altı ayda Qobustan rayonunun mərkəzi Mərəzə qəsəbəsində yeni mədəniyyət və istirahət parkı istifadəyə verilmiş, ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmış, rayon məhkəməsi, Yanğından Mühafizə İdarəsi üçün yeni binalar tikilmiş, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 8 mənzilli evin, rayon icra hakimiyyəti üçün inzibati binanın inşasına başlanmışdır. “Qobustan Holdinq” MMC tərəfindən mehmanxana, şadlıq evi, çörək, bulka və qənnadı məmulatı və tikiş sexləri inşa edilmişdir.
Hesabatda uzun illərdən bəri qəsəbənin, eləcə də kəndlərin əsas problemlərindən olan su təchizatı sahəsində ciddi tədbirlərin həyata keçirildiyi qeyd olunmuş və bildirilmişdir ki, “Azərsutəchizattikinti” MMC tərəfindən büdcə vəsaiti və “Gilan Holdinq” MMC-nin vəsaiti ilə Mərəzə qəsəbəsinin, Nərimankənd kəndinin su təminatı ilə əlaqədar Xaltava sahəsində təzə sututar, nasos stansiyası tikilmiş, qəsəbəyə su xətti çəkilmişdir. Hazırda Nərimankənd kəndində yeni sututarın inşası və kəmərin çəkilişi davam etdirilir. Habelə, Ərəbşalbaş kəndində artezian quyusu qazılır. Ötən ildən “Qobustan Holdinq” MMC-nin tikinti materialları və alüminiumdan qapı-pəncərə istehsalı sexləri fəaliyyətə başlamışdır. Cəmiyyət Xilmilli kəndində yeni daşdoğrayan qurğunun quraşdırılmasını başa çatdırmaq üzrədir.
Yığıncaqda aqrar bölmənin inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlərdən, taxılçılıq, heyvandarlıq sahələrindəki vəziyyətdən ətraflı danışılmışdır. Keçən il yaradılan “Aqrotexservis” torpaq mülkiyyətçilərinin yaxın köməkçisinə çevrilmişdir. Buradakı 17 “Belarus” traktoru, 1 “DT-75” markalı şum traktoru və 1 “Yenisey” taxılyığan kombaynından kənd təsərrüfatı işlərində yüksək məhsuldarlıqla istifadə olunur. Həyata keçirilən tədbirlər, tikinti-quruculuq işləri, yeni yaradılan istehsal və xidmət sahələri, həm də, iş yerlərinin açılmasına, əhalinin məşğulluğuna imkan vermişdir. 2005-ci ildə rayonda 2368 iş yeri açılmışdır. Bunun 398-i daimi, 1022-si müvəqqəti, 948-i isə mövsümi olmuşdur.
Məruzə və çıxışlarda bölgə sakinlərinin elektrik enerjisi və təbii qazla normal təminatının təşkili ətraflı müzakirə edilmiş, bu sahədə nöqsanların da olduğu bildirilmişdir. Təhsil, səhiyyə, rabitə, mədəniyyət sahələrində keçən il görülmüş işlərdən, habelə həyata keçirilməli təxirəsalınmaz vəzifələrdən danışılmışdır.
“Azəriqaz” QSC-nin sədri Əlixan Məlikov yığıncaqda çıxış etmiş və rayon təhsil şöbəsinə kompyuter dəsti bağışlamışdır.
Yığıncaqda müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
Prezidentin İcra Aparatının məsul işçisi Rövşən Ağayev yığıncaqda iştirak etmişdir.