Keçmiş məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviqi diqqət mərkəzindədir








Bakı, 12 may, AZƏRTAC
Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviqi və cəlb edilməsi üzrə icma əsaslı tədbirlər həyata keçirilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə həyata keçirilən növbəti tədbirdə qurumun Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev layihənin yekunları üzrə hesabatın təqdimatı ilə çıxış edərək iştirakçılara görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, layihəyə 210 məcburi köçkün cəlb edilib, onların müxtəlif sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün biznes-planlar hazırlanıb, həmçinin müxtəlif mövzular – biznes-planın hazırlanması, sosial medianın idarə edilməsi, satış, mühasibatlıq, insan resurslarının idarə edilməsi və sair üzrə təlimlər və məsləhət xidmətləri göstərilib.
Tədbirin sonunda layihədə iştirak etmiş benefisiarlara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının tərkib hissəsi olaraq bu layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq əhalinin özünüməşğulluq proqramına cəlb olunması vasitəsilə onların sosial rifahını gücləndirmək və ölkə iqtisadiyyatına töhfə verməkdən ibarətdir. Bu layihə üzrə təşəbbüslər ötən il Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən dəstəklənərək gerçəkləşdirilib.