CƏMİYYƏT
Kəlbəcər Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib
Bakı, 1 oktyabr, AZƏRTAC
Sentyabrın 30-da Kəlbəcər Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.
Ağsaqqallar Şurasından AZƏRTAC-a bildiriblər ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının və ötən dövr ərzində vəfat etmiş ağsaqqalların xatirəsi anılıb.
Tədbirdə çıxış edən YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov bildirib ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurasında son illərdə deputat, professor Eldar Quliyevin rəhbərliyi ilə ciddi canlanma hiss edilir. Ağsaqqallar cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirirlər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, regionun kuratoru Bayram Yusifov konfrans iştirakçılarına Şuranın sədri, deputat, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını çatdırıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Kəlbəcərin düşmən tapdağından azad edilməsi münasibətilə kəlbəcərliləri ürəkdən təbrik edərək, növbəti tədbirlərin Azərbaycanın sazlı-sözlü həmin cənnət guşəsində keçirilməsini arzulayıb. O, 44 günlük Vətən müharibəsindəki möhtəşəm Qələbəmizdən, əsgər və zabitlərimizin şücaətindən, müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz hərbi və siyasi istedadından bəhs edib.
Ağsaqqal sözünün, ağsaqqal xeyir-duasının xalqımız üçün hər zaman böyük əhəmiyyət daşıdığını qeyd edən Bayram Yusifov ulu öndər Heydər Əliyevin ağsaqqallar haqqındakı tarixi “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” fikrini bir daha xatırladıb. O, həmçininağsaqqalların səmərəli fəaliyyətindən, ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, həmçinin onlara göstərilən dövlət qayğısından da danışıb, bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.
Sonra təşkilati məsələlər müzakirə olunub. Kəlbəcər Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Ziyalı, şair-publisist, el ağsaqqalı Vəliyəddin İsmayılov Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti və Təftiş Komissiyası da formalaşdırılıb.
Konfransda rayon ağsaqqalları, ziyalılar və digər natiqlər də çıxış edərək yeni seçilmiş sədrə və heyətə uğurlar arzulayıb, onların ölkəmizin, o cümlədən rayonun ictimai-mədəni həyatında yaxından iştirak edərək səmərəli fəaliyyət göstərəcəklərinə əmin olduqlarını vurğulayıblar.
Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Vəliyəddin İsmayılov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, Şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırıb.
Konfransdan sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Azərbaycan Ağsaqqallar Şurasının rəsmi şəxslərini və rayon ağsaqqalları ilə görüşüb. Kəlbəcər Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.