Kəmaləddin Heydərov: Əməliyyatlar zamanı 1432 nəfər zərərçəkmiş xilas edilib
Bakı, 16 dekabr, AZƏRTAC
Xüsusi riskli xilasetmə qrupları 1286 müxtəlif xarakterli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı 1432 nəfər zərərçəkmişi xilas edib, həmçinin 93 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən, bağlı qapı arxasından və dağıntılar altından çıxarılıb.
AZƏRTAC xəbər verir ki, bunu dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə keçirilən iclasda nazir Kəmaləddin Heydərov söyləyib.
O bildirib ki, yanğınsöndürən-xilasedicilər tərəfindən 168 nəqliyyat və digər qəzalarda 269 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinə çatdırılıb, həlak olmuş 61 nəfərin cəsədi avtomobillərdən çıxarılıb. Həmçinin 17 partlayış hadisəsi ilə əlaqədar xəsarət almış 20 nəfər və həlak olan 5 nəfərin meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
“2023-cü il ərzində dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 110 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 94 nəfər olmaqla, cəmi 204 nəfər xilas edilib, nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 64 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib”, - deyə nazir əlavə edib.