Kənd Təsərrüfatı Nazirliyində Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir
Bakı, 22 fevral (AZƏRTAC). Fevralın 22-də Kənd Təsərrüfatı Nazirliyində Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Nazir İsmət Abasov çıxışında həmin dəhşətli hadisənin baş vermə səbəbləri, onun hansı şəraitdə və nə üçün baş verdiyi haqda geniş məlumat vermişdir.
Qeyd edilmişdir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmişdir. Bu gün Azərbaycan diplomatiyası soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində intensiv iş aparır. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti ilə əsasının qoyduğu diaspora fəaliyyəti, onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu diplomatiyası sayəsində dünyanın bir sıra ölkələrində Xocalı soyqırımından bəhs edən tədbirlər keçirilir, abidələr ucaldılır.
Vurğulanmışdır ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq səviyyədə aparılan ideoloji təbliğatın əsas prioritetləri Dağlıq Qarabağ haqqında həqiqətləri, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır. İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş “Xocalıya ədalət” beynəlxalq kampaniyası da bu işə öz töhfəsini verməkdədir.
Sonda nazir İ.Abasov Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın tezliklə erməni işğalından azad olunacağına əminliyini bildirmişdir.