CƏMİYYƏT
Kiçik daşlardan yaranan personajlar - REPORTAJ
Bakı, 6 mart, Leyla Muradzadə, AZƏRTAC
Pebble art – heyranedici əsərlərin sadə dəniz və çay çınqıllarından doğulduğu sehrli bir dünyadır. Bu, yalnız bir sənətkarlıq deyil, özünəməxsus rəsmlər, mozaika, panno və hətta heykəllər yaratmağa imkan verən xüsusi bir özünüifadə formasıdır. Daş çınqılları, balıqqulaqları personajlara, mənzərələrə, mücərrəd naxışlara çevrilir.
Uşaqlıqdan əl işlərinə böyük həvəsi olan, öncə muncuqlarla işləyən, daha sonra oriqami ilə maraqlanan Nigar Ələnurlu hazırda pebble art sənəti ilə məşğul olmağı seçib.
Nigar xanım AZƏRTAC-ın müxbiri ilə söhbətində bu sənətə gəlişi barədə bəhs edib.
O, hələ uşaq çağlarında tətbiqi sənət nümunələrinə maraq göstərib: “İlkin etaplarda muncuqlarla işləyirdim, daha sonra tikmə sənəti ilə məşğul oldum. Bir müddət oriqamilər hazırlayırdım. Ən sonda seçimim pebble art sənəti oldu. Pebble art, yəni kiçik çay daşlarından rəsmlər, insan emosiyalarını, onların ruh halını çox qeyri-adi bir formatda təsvir etmək mümkündür. Əl işlərim həm yerli əhali, həm xarici turistlər tərəfindən sevilir. Bu da mənə yeni ideyalar axtarışında olmağa təkan verir”.
Həmsöhbətimizin ilk işlərindən biri əlində ürək tutan mələk və səmada ulduzların axışını seyr edən iki sevgili idi. Bir əsərin yaranmasının bəzən günlər, bəzən isə 10-15 dəqiqə vaxt aldığını qeyd edən Nigar xanım, bu prosesin fantaziyadan, əhvali-ruhiyyədən asılı olduğunu söyləyib.
Əsərlərdə istifadə olunan daşlar dəniz və yaxud çay kənarından yığılır. “Daşları, demək olar ki, Azərbaycanın bütün gözəl guşələrindən toplayıram. Balaca portretlər olduğuna görə kiçikhəcmli daşlara daha çox üstünlük verirəm. Çünki daşın ağırlığını paspartu bəzən saxlaya bilmir. Daşa baxanda bilirəm ki, bu yaradacağım əsərin ayağıdır, əlidir və yaxud da baş hissəsidir”.
İşin incəliyi və əsas məğzi ondan ibarətdir ki, daşda heç bir oyma və sair işlər aparılmır, paspartu üzərində işlənir və yapışdırılır. Daşın ilkin forması saxlanılaraq insan portretləri və yaxud da bəzi heyvan rəsmləri yaradılır. Əl işlərinin bəzilərində arxa fonda təbiət işləməsi olur, daşlardan isə insan portretləri yaradılır.
Nigar Ələnurlu ABAD-la 2019-cu ildən əməkdaşlıq edir. “Mənim ilk dəfə ABAD-a təqdim etdiyim əl işlərim bəlkə də bir az səliqəsiz, rəng ahənginə uyğun deyildi. Lakin ABAD mənim üçün həm məktəb oldu, həm də ki, bu işi inkişaf etdirməyimə bir vəsilə. ABAD-ın dəstəyi ilə yüzlərlə əsərim satılıb”, - deyə o əlavə edib.
İxtisasca müəllim və mühasib olan Nigar xanım pebble artın onun üçün ikinci sənət olduğunu deyir.
Müsahibimizin son əsərində qadın obrazı əks olunub. İnsan ayağına bənzər formada daşlar tapmaq çox çətin olduğu üçün, əsərin hazırlanması bir aya yaxın vaxt aparıb. “Burada əsas məqam, daşların bir-birinə uyğun olması, fərqin hiss olunmamasıdır”, - deyə N.Ələnurlu bildirib.
Pebble art ustasının əl işlərində istifadə olunan materiallar, boyadan ziyadə, təbiidir. Əsərlərdə yosun, qurumuş ağac kötükləri, qurudulmuş güllər, balıqqulaqlarından istifadə olunur. Nigar xanımın sözlərinə görə, “Xarıbülbül” əsərini yaradanda bir az çətinlik çəkib, çünki gülün forması itməsin deyə, mütləq ona uyğun daşlar istifadə olunmalı idi.
Əl işlərində Quba, Qusar, Qəbələ ərazisindən keçən çaylardan, həmçinin Xəzər dənizinin sahillərlindən yığılan daşlar, balıqqulaqlardan istifadə edir. Həmsöhbətimiz, həmçinin əsərlərində təbii daşlardan da faydalanır.