Kim Çen In Cənubi Koreyadan gələn nümayəndə heyəti ilə görüşüb
Bakı, 5 mart, AZƏRTAC
Kim Çen In Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri kimi 2011-ci ildən bəri ilk dəfə olaraq Cənubi Koreyadan olan rəsmi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, KXDR lideri Kim Çen In Pxenyanda səfərdə olan Koreya Respublikası Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Çunq Euy-yonq və ölkənin Milli Kəşfiyyat Xidmətinin rəhbəri Suh Hunun daxil olduğu rəsmi nümayəndə heyəti ilə şam yeməyində görüşüb.
Hələlik görüşdə müzakirə olunan məsələlər barədə ictimaiyyətə məlumat verilmir. Lakin Koreya Respublikası Prezidenti ofisinin martın 4-də yaydığı məlumatda deyilirdi ki, nümayəndə heyətinin Pxenyana səfərinin məqsədi Koreya yarımadasında sülhün təminatı yollarını və iki ölkə arasında münasibətlərin inkişafını müzakirə etmək, habelə KXDR ilə ABŞ arasında dialoqun bərpasına dəstək verməkdir.
Koreya Respublikası dövlət başçısının xüsusi nümayəndəsi qismində KXDR-ə səfər edən prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Çunq Euy-yonq Seuldan Pxenyana yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib ki, biz təkcə Şimali və Cənubi Koreya arasında deyil, eləcə də KXDR ilə ABŞ və beynəlxalq ictimaiyyət arasında danışıqların davamı üçün müxtəlif yollara dair dərin müzakirələr aparmağı planlaşdırırıq.